Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:11

Həmin Sevgiladə Quliyeva....


Sevgiladə Quliyeva uzun müddət axtarışda olub

Sentyabrın 20-də Xətai rayonun 37-ci polis şöbəsinin əməkdaşları Ağdam rayonun sakini Sevgiladə Quliyevanı həbs ediblər. Polis şöbəsindən verilən məlumata görə, tutulanda onun üstündən narkotik maddə - heroin çıxıb.

Sevgiladə Quliyevanın həbs olunmasını Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov təsdiq edib:

«1975-ci il təvəllüdlü Sevgiladə Quliyevanı Xətai rayon polis idarəsinin əməkdaşları saxlayıblar. Onun üzərindən heroin aşkarlanıb. O həm də xəstəxanaların birində vətəndaşın əl çantasından qızıl və zinət əşyalarını oğurlamaqda günahlandırılır. Hazırda istintaq gedir».

MƏHKƏMƏNİN ƏSAS SÜBUTU

Bu cinayət işi və Sevgiladə Quliyevanın adı ona görə maraq doğurub ki, Yasamal rayon məhkəməsi bu qadının ifadəsini «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbs olunmasında əsas sübut saymışdı. Qənimət Zahidin cinayət işiylə bağlı istintaq materiallarında və məhkəmədəki ifadələrində Sevgiladə Quliyeva deyirdi ki, 2007-ci ildə «Azərbaycan» nəşriyyatının qarşısında Qənimət Zahid ona sataşıb. Bundan sonra tanışı Vüsal Həsənovla «Azadlıq»ın baş redaktoru arasında mübahisə yaranıb və onun iddiasına görə, Qənimət Zahid Vüsal Həsənovu döyüb.

Elçin Sadıqov
Qənimət Zahid də, onun vəkilləri də bu işin qurama olduğunu, Sevgiladə Quliyevanın həmin vaxt oğurluğa görə axtarışda olduğunu, baş redaktorun həbs olunması üçün istifadə edildiyini deyirdilər. Ancaq məhkəmə vəkillərin vəsatətinə əhəmiyyət verməmişdi.

«ONUN VERDİYİ İFADƏ MÖTƏBƏR SÜBUT KİMİ İSTİFADƏ OLUNA BİLMƏZDİ...»

Qənimət Zahidin vəkili Elçin Sadıqov deyir ki, Sevgiladə Quliyevanın həbs olunmasından sonra müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib cinayət işinin yenidən araşdırılmasını tələb edəcək:

«Qadının həbsi və onun narkotik aludəçisi olması o deməkdir ki, onun verdiyi ifadə mötəbər sübut kimi istifadə oluna bilməzdi. Məhkəmə öz hökmündə Sevgiladənin verdiyi qurama ifadəsini əsas götürmüşdü. Digər şahidlər deyirdilər ki, guya onlar Qənimət Zahidin Vüsal Həsənova bir şillə vurduğunu görüblər. Sevgiladə isə deyirdi ki, əvvəl şillə, sonra yumruq, sonra kəllə, sonra təpik vurub. Ədalətli məhkəmə olan cəmiyyətdə belə bir şahidin ifadəsinin mötəbərsizliyi ortaya çıxırsa, Qənimət Zahidə bəraət verilməlidir. Çünki sübutun mötəbərsizliyi ortaya çıxıb və Qənimətin əməli təsdiq olunmur».

«POLİSİN QƏNİMƏT ZAHİDƏ TOR QURDUĞU İFŞA OLUNDU»


İlham İsmayıl
Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, Sevgiladə Quliyeva kimi adamlardan polis orqanları kiminsə izinə düşməkdə, məlumat almaqda, ya da kiməsə tor qurmaqda həmişə istifadə edib:

«Ancaq məhz bu cür nəticələnəcəyi, yəni siyasi çaları olan bir işdə istifadə edəsən və bu da ictimaiyyətə bəlli ola, bunu belə olmadığını təkzib edəsən, sonradan məhz özün bu cür adamı yaxalayasan... Bu o deməkdir ki, faktiki olaraq polisin Qənimət Zahidə qurduğu torun həqiqətən tor olduğu ifşa olundu. Nəticədə qurduqları əməliyyatın saxta, bu işin qurama olduğu bəlli oldu. Bu o deməkdir ki, polisdə hətta əməliyyat oyunu quranda, iş siyasi xarakterlidirsə, heç bir peşəkarlıq gözlənilmir. Onlar üçün əsas həmin adamın həbs olunmasıdır».

İlham İsmayıl deyir ki, qadının həbs olunmasının Qənimət Zahidin işinə heç bir müsbət təsiri olmayacaq.

Vəkillər isə deyirlər ki, bu halı Ali Məhkəməyə göndərməklə yanaşı Avropa Məhkəməsinə də göndərəcəklər.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Qənimət Zahidin, eləcə də həbsdə olan digər jurnalistlərin məhz peşə fəaliyyətinə görə həbs edildiyini bildirir, onların dərhal azad olunmalarını tələb edir.
XS
SM
MD
LG