Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Prezidentə şikayət etdiyinə görə həbs olundu


Prezidentə məktub həbslə nəticələndi
Prezidentə məktub həbslə nəticələndi
Cəlilabad rayon sakini Şəfa Əhmədov aprelin 5-də prezident İlham Əliyevə rayondakı özbaşınalıqlar və rüşvətxorluqla bağlı şikayət məktubu göndərəndən üç gün sonra həbs olunub. Onu xuliqanlıqda ittiham ediblər. Aprelin 9-da Cəlilabad rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib. Qızı Lalə Əhmədova deyir ki, atası prezidentə şikayət etməklə Cəlilabad rayon rəhbərliyinin qəzəbinə tuş gəlib:

RAYONDA BİR ADAM BİZİMLƏ DANIŞMIR

«Deyirlər ki, atam xalq düşməndir, dövlətə qarşı çıxıb. Rayonda bir adam bizimlə danışmır. Atam şikayət məktubunda yazmışdı ki, rayonda özbaşınalıqdır, icra başçısı Əziz Əzizovun əməllərinə nə vaxt son qoyulacaq, əgər rüşvətxorluq baş alıb gedirsə, dövlət hara baxır? Buna görə atamı tutublar. Hər bir vətəndaşın şikayət etmək hüququ var. Demokratiya yoxdursa, desinlər ki, heç kim heç kimdən şikayət edə bilməz».

Yeni Azərbaycan Partiyasının üzvü olan Lalə Əhmədova atasının həbsinə qədər rayonda Heydər Əliyev Muzeyinin direktoru işləyib. Aprelin 12-də onu da işdən çıxardıblar:

MƏNİ İŞDƏN QOVDULAR

«Məni işdən qovdular. Dedilər ki, sənin atan kimdir Cəlilabadın prezidentinə qarşı çıxır? Guya atamın şikayət ərizəsi işdəki kompyuterdə yazılıb. Deyirəm ki, evdə də kompyuter var, ərizə də evdə yazılıb. İndi bizi güdürlər. Heç 37-də belə olmayıb».

Lalə Əhmədova deyir ki, o baş verənlər haqqında prezidentə, güc nazirliklərinə onlarla teleqram və məktub göndərib. Ancaq səsinə səs verən yoxdur.

Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov isə deyir ki, onun nə Şəfa Əhmədovun şikayət ərizəsindən, nə də Lalə Əhmədovanın işdən çıxarılmasından xəbəri var:

MƏLUMATIM YOXDUR

«Heç bir məlumatım yoxdur, heç nə deyə bilmərəm».

Müzəffər Baxışov
İcra başçısı Əziz Əzizovla isə gün ərzində əlaqə saxlaya bilmədik. Köməkçisi Malik Şərbətov hər zəng etdiyimizdə icra başçısının yerində olmadığını dedi.

«Hüquqi Dövlə»t Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov isə deyir ki, Şəfa Əhmədovun prezidentə göndərdiyi şikayət ərizəsi araşdırılmalı idi:

BAŞÇILAR MƏRKƏZƏ MƏLUMAT ÖTÜRÜLMƏSİNİ İSTƏMİRLƏR

«Dövlət başçı özü bunda maraqlı olmalıdır. Ancaq totalitar dövlətlərdə bunu etmirlər. Hakimiyyətdə oturanların məntiqi ilə kimsə problemləri qabardırsa, demək o dövlətə qarşı çıxır. Həmin adamı şərləyib həbs edirlər. Yerli icra hakimiyyətlərini prezident təyin edir. Onlar da haqlarında mərkəzə məlumat çatdırılmasını istəmirlər» .

Bundan əvvəl də Naxçıvanda oxşar hadisələr baş vermişdi. Naxçıvanda baş verən özbaşınalıqlardan prezident İlham Əliyevə şikayət məktubu yazan Ələsgər İsmayılovu ruhi xəstəxanaya salmışdılar.
XS
SM
MD
LG