Keçid linkləri

Təcili xəbərlər

Allahşükür Paşazadə ssenaridən kənara çıxmayıb


Şeyxülislam Allahşükür Paşazadə (solda) Ermənistan prezidenti Serzh Sarkisian (mərkəzdə) və bütün ermənilərin katalikosu II Gareginlə görüşür. Yerevan, 28 noyabr 2011
Şeyxülislam Allahşükür Paşazadə (solda) Ermənistan prezidenti Serzh Sarkisian (mərkəzdə) və bütün ermənilərin katalikosu II Gareginlə görüşür. Yerevan, 28 noyabr 2011
-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin Yerevanda keçirilən iclasına qatılması, verdiyi açıqlama və imzaladığı bəyannaməyə Bakıda mənfi reaksiya verənlər oldu. Qarabağ Azadlıq Təşkilatı açıqlama yayaraq, Şeyxülislamı ən sərt sözlərlə tənqid etdi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası isə din xadimlərinin birgə bəyanatını və oradakı müddəaları pislədi. Partiya ayrıca Ermənistanla qeyri-rəsmi təmasların əleyhinə olduğunu bir daha vurğuladı.

Müharibənin əleyhinə olan dini lider

Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və bütün Rusiyanın Patriarxı Kirilin birgə bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının zəruriliyi vurğulanıb. Bəyannamədə din xadimləri Azərbaycanla Ermənistanın dövlət rəhbərlərindən snayperləri cəbhənin ön xəttindən geri çəkməyə çağırırlar: “Biz güc tətbiqini yolverilməz sayırıq, çünki bu, insanların Qarabağ probleminin dinc yolla həll ediləcəyinə ümidini qırır”.

Tədbirdən sonra Ermənistan prezidenti Serj Sarkisyan dini liderləri qəbul edib. Bu görüşdə Allahşükür Paşazadə əmin olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində problemi həll etmək mümkün olacaq. A.Paşazadə iki ölkənin dini liderlərinin buna yardım göstərməyə hazır olduqlarını vurğulayıb. O deyib ki, indiyədək keçirdiyi görüşlərdə dəfələrlə müharibənin məsələnin həlli ola bilməyəcəyini söyləyib.

Hakimiyyət içində rollar bölüşdürülüb

Allahşükür Paşazadənin verdiyi açıqlamalar QAT və BAXCP-nı qıcıqlandırıb. Ancaq hələ ki, bu iki qurumun xaricində Paşazadənin səfərini və açıqlamalarını sərt tənqid edən fikirlərə və bəyanatlara rast gəlməmişəm.

İqtidar düşərgəsinin susması da təbiidir. Çünki, birincisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri dövlət başçısının icazəsi olmadan Yerevandakı toplantıya qatıla bilməzdi.

Allahşükür Paşazadə də son günə qədər Yerevana gedib-getməyəcəyi məsələsində qəti söz deyə bilmirdi. Başqa sözlə, o yuxarıların qərarını gözləyirdi.

İkincisi, şübhə etmirəm ki, Allahşükür Paşazadənin açıqlamaları da əvvəlcədən razılaşdırılıb. Dini lider ayrı nə deməliydi ki, dünyanın gözü qarşısında müharibəyə çağırış etməliydi? Bir də ki, münaqişənin sülh yoluyla həllin vacibliyindən məgər tək Allahşükür Paşazadə danışır?

Prezident Aparatının İctimai-Siyasət şöbəsinin müdiri Əli Həsənov bir neçə ay öncəki açıqlamasında problemin danışıqlar yoluyla həllinə alternativin olmadığını söyləmişdi. Elə xarici işlər naziri Elmar Məmmədyarov da “Trend” agentliyinə son müsahibəsində sülh yoluna üstünlük verilməsini bu sözlərlə əsaslandırmışdı:

“Münaqişənin hərbi yolla həlli yolverilməzdir. Və biz bunu regionda 90-cı illərdə görmüşük və bu yaxınlarda, 2008-ci ildə Şimali Qafqazdakı hərbi əməliyyatları gördük. Hərbi əməliyyatlar nəhəng problemlər gətirir - həm iqtisadi, həm sosial, həm siyasi, hətta emosional... Mən hərbi əməliyyatların tərəfdarı deyiləm və hesab edirəm ki, diplomatiya böyük rol oynamalıdır və bu kontekstdə heç kimin rədd edə bilməyəcəyi dəlilərdən maksimum istifadə etmək lazımdır”.

Əlbəttə, bəzilərini dövlət başçısı İlham Əliyevin açıqlamalarında münaqişənin həllində alternativ yola baş vurula biləcəyi sözləri çaşdıra bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, hakimiyyət içində rollar müəyyənləşib, biri (müdafiə naziri) müharibə, digəri (dövlət başçısı və ətrafındakı məmurlar) həm sülh, həm müharibə, bir başqası (xarici işlər naziri və din xadimi) isə yalnız sülhdən danışmalıdır.

Snayper müharibəsinin sonu yaxınlaşırmı?

Dini liderlərin bəyannaməsində snayperlərin geri çəkilməsi vacibliyi də vurğulanıb. Bu Ermənistanın çoxdankı arzusu və istəyidir.

Gəlin, açıq danışaq, rəsmi Bakı snayperlərin geri çəkilməsinə bu günə qədər müsbət yanaşmayıb. Çünki, yuxarılar belə bir arqumentdən çıxış edirlər ki, torpaqlar işğal altında olduğundan snayper müharibəsi Ermənistanı daima gərgin vəziyyətdə saxlamağa imkan verir.

Həqiqətən snayper müharibəsi Yerevanı narahat edir, itkiləri artır və bu hal Dağlıq Qarabağda xidmət keçən Ermənistan vətəndaşlarını qorxudur. Ancaq snayper müharibəsindən Azərbaycanın da itkiləri az deyil (mülki vətəndaşlar da həlak olur) və bu durum rəsmi Bakını da narahat etməyə bilməz.

Odur ki, Allahşükür Paşazadə sənəddə snayperlərin geri çəkilməsi bəndinə də Bakının icazəsi olmadan imza ata bilməzdi. Demək, dini liderlərlə yanaşı yaxınlarda rəsmi səviyyədə də snayperlərin geri çəkilməsi məsələsində irəliləyiş gözləmək mümkündür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG