Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:31

355000 manatı kim ödəyəcək?


Foto: Arxiv
Foto: Arxiv
-
«Adada binalar tikir, onunla elə orda görüşdüm, 6-7 mühafizə baryerini aşıb qəbuluna girdim. Dərdimi danışdım. Dedi, gəl burdan evlər verim sat, hərəsindən 5-10 min manat qazan, ev-eşiyini təzədən özünə qaytar. Mən razılaşmadım, çünki mən artıq o evlər üçün 355 min manat ödəmişdim. Nəyə görə sıfırdan pul yığıb özümə ev-eşik almalı idim? Mən öz evlərimizi tələb etdim. Dedi, bilirsən nə var, ümumiyyətlə, sənin probleminin mənə aidiyyəti yoxdur, çıxardıb atdılar çölə».

«NƏYİMİZ VARDI SATIB PULUNA O EVLƏRİ ALDIQ»

«Qaynar xətt»ə zəng vuran Elşad Məmmədov «Həsən-6» MTK-dan mənzil almaqla öz başına bəla açdığını deyir. Şirkətə 355000 manat ödəyib iki mənzil aldığını deyən Elşad Məmmədov həmin mənzilləri necə itirməsindən təəssüflə danışır:

«3 qardaşıq, birləşib nəyimiz varsa, satıb «Həsən-6» MTK-nın o iki evi almışdıq. Bir gün xəbər tutdum ki, xəbərim olmadan məhkəmə keçirib evləri əlimdən alıblar. Sonra da mobil telefonuma zəng vurub hədələyirdilər ki, evlərin sənədlərini təhvil verməsəm, məni «bandotdel»ə apartdıracaqlar. Qorxdum, telefonumun nömrəsini dəyişdim. İndi də gedib oturmuşam Qazaxda. Çünki bunlardan istənilən təhlükəni gözləmək mümkündür».

«Həsən-6» MTK «Avesta» Konserninin şirkətlər şəbəkəsinə daxildir. Konsernin prezidenti «nehrəmli Hacı İbrahim» kimi tanınmış işadamı İbrahim İbrahimovdur.

«AVESTA» SAHİBİ PROKURORLUĞA YAZIB Kİ...

Elşad Məmmədov işadamının yanında olduğunu da deyir:

«Dedi ki, mənim işçilərim o evləri sənə məndən xəbərsiz satıblar. Bu işlərə aidiyyətim yoxdur».

«Avesta» Konserninin prezidenti İbrahim İbrahimov Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə və Nərimanov rayon Prokurorluğuna bir neçə işçisi və Elşad Məmmədov barəsində cinayət işi başlanması üçün müraciət edib. Bildirib ki, «Avesta» Konserni tərəfindən tikilməkdə olan «Xəzər adaları» kompleksinin ərazisində inşa edilən «Skat» restoranında bəzi inşaat işlərinin görülməsi üçün bir şəxslə müqavilə bağlayıb.
Foto: Arxiv
Foto: Arxiv
Müqavilənin şərtinə əsasən, həmin şəxs «Xəzər adaları» kompleksinin ərazisində inşa edilən «Skat» restoranın vitraj və pəncərə sisteminin qurulmasını görməli olub. Şirkət isə gördüyü işin əvəzinə ona Nəsimi rayonu ərazisində inşa etdiyi yaşayış binasından iki mənzil verməyi öz öhdəsinə götürüb. Həmin şəxs şirkətin işlərini görməyib. Mənzilləri isə Elşad Məmmədovun və Vüqar Fiqanov adlı şəxsin adlarına rəsmiləşdirib.

«Avesta»nın sahibi işçiləri və Elşad Məmmədov barəsində cinayət işi başlanmasını xahiş etsə də, prokurorluq cinayət işi başlamayıb. Sahibkara mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə edib.

GİZLİ MƏHKƏMƏ?

Nəsimi rayon Məhkəməsi İbrahim İbrahimovun və ona məxsus olan «Həsən-6» MTK-nın iddiasını təmin edib. Nəticədə Elşad Məmmədovla şirkət arasında bağlanmış mənzil alqı-satıqısı müqaviləsi ləğv edilib. Ancaq məhkəmə mənzilə görə ödənmiş 355 min manatın Elşad Məmmədova qaytarılmasını öhdəlik kimi heç kəsin üzərinə qoymayıb.

Məhkəmə Elşad Məmmədovun iştirakı olmadan keçirilib. Qətnamədə qeyd olunur ki, Elşad Məmmədova bir neçə məhkəmənin keçiriləcəyi yer və vaxtı barədə bildiriş göndərilsə də, o, məhkəməyə gəlməyib.

Elşad Məmmədov isə deyir ki, məhkəmədən nəinki bildiriş almayıb, hətta belə bir məhkəmənin keçirilməsindən xəbəri olmayıb. Bir gün yaşadığı ünvana məhkəmə Qətnaməsi gələndə xəbər tutub ki, it də gedib, ip də.

İndi Elşad Məmmədov məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib və deyir ki, bütün ümidlərini Bakı Apellyasiya Məhkəməsinə bağlayıb.
XS
SM
MD
LG