“Yeni Müsavat” qəzeti abunə marafonuna başlayıb

“Yeni Müsavat” qəzeti noyabrın 12-də abunə marafonuna başlayıb. Marafonu izləyən əməkdaşımızın verdiyi məlumata görə, bir çox siyasi partiya liderləri, dini icma təmsilçiləri, ziyalılar, hüquq-müdafiəçiləri marafona qoşulub.

Gələnlər arasında Müsavat partiyasının başqanı İsa Qəmbər, keçmiş deputat Arzu Səmədbəyli, şair Ramiz Rövşən, alim Rafiq Əliyev, hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, ilahiyyatçı İlqar İbrahimoğlu olub.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu AzadlıqRadiosuna bildirib ki, bu saata qədər 800 nəfər qəzetə 1-2 aylıq müddətinə abunə yazılıb. Baş redaktorun sözlərinə görə, marafon bir neçə gün keçiriləcək:

“Bu abunə qəzetin fəaliyyətinə iki aylıq kömək edəcək. Ümid edirik ki, bu müddətdə qəzetin satışına yaradılan süni maneələr aradan qaldırılacaq”.

Qəzet rəhbərliyi bildirir ki, metro stansiyalarında qəzetin satışına qadağalar qoyulub və buna görə 3 min tiraj itiriblər.

“Yeni Müsavat” bağlanmaq təhlükəsi qarşısında olduğunu bəyan edib.

Yuxarıya qayıt