Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:39

Səfir: Ukraynada baş verənlər Azərbaycana diqqəti artırıb


Richard Morningstar
Richard Morningstar
-
«Azərbaycanın öz ərazisindən Əfqanıstana ərzaq və digər lazımı ləvazimatların daşınmasında göstərdiyi xidmətləri yüksək qiymətləndiririk. 2014-cü ildə Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılmasından sonra Azərbaycanın bu ölkənin inkişafı ilə bağlı üzərinə götürdüyü öhdəliyi xüsusilə yüksək dəyərləndiririk».

Bunu aprelin 23-də jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib.

Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir.

«UKRAYNA HADİSƏLƏRİ AZƏRBAYCANI ENERJİ RESURSLARININ MƏNBƏYİ KİMİ...»

«Ukraynada baş verən hadisələr Azərbaycanı enerji resurslarının mənbəyi kimi bir daha diqqət mərkəzinə gətirir».

Səfir Morningstar onu da bildirib ki, Azərbaycanın enerji ehtiyatları Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb edir: «Ötən il «Şahdəniz» investisiya layihəsinə dair yekun qərarın verilməsi Cənub dəhlizi ilə bağlı xeyli irəliləyişin əldə olunmasına zəmin yaradıb».

O qeyd edib ki, ABŞ Azərbaycan və digər tərəfdaş ölkələrlə öz işini davam etdirəcək ki, «Şahdəniz» layihəsi irəliyə getsin: «Obama administrasiyası maye qazın Avropaya lazım olan qədər ixrac edilməsi məsələsini dəstəkləyib. Bu, Azərbaycanın Avropaya qaz ixracına mənfi təsir göstərməyəcək».

SƏFİR XƏZƏRDƏ ƏLAVƏ YATAQLARIN AXTARIŞINDAN DANIŞIR

««Şahdəniz-2» layihəsinin investisiya müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır. Əksinə, bundan sonra bizi daha böyük işlər gözləyir. Biz bu istiqamətdə Azərbaycanla işləməkdən çox şadıq. Bundan sonra Azərbaycan diqqətini Xəzərdə əlavə yataqların da axtarışlarına yönəltməlidir».

APA-nın məlumatına görə, bunu da bu gün Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundakı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib.

Səfir bildirib ki, Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq olduqca mühüm məsələlərdən biridir:

«Yeni layihələrdə də, yeni yataqların aşkar edilməsində də beynəlxalq tərəfdaşlıq vacib amillərdəndir. Məsələn, BTC layihəsinin uğurları məhz beynəlxalq tərəfdaşlıqdan irəli gəlib».

Amerikalı diplomatın fikrincə, Azərbaycan enerji məsələlərində 3 meyarı əsas götürməlidir: «Birincisi, yeni layihələrdə seçilmiş şirkətlər hökumət tərəfindən dəstəklənməlidir. Həmçinin cəlb edilən şirkətlər də öz hökumətlərindən dəstək almalı və Azərbaycana beynəlxalq bazara çıxmaq üçün kömək etməlidir. İkincisi, yeni layihələrdə texniki məsələlər də yer alır ki, beynəlxalq şirkətlər müasir texnikadan istifadə etmək imkanına malik olmalıdır. Üçüncüsü, bu layihələr olduqca bahalıdır. Ona görə də bu məsələdə beynəlxalq tərəfdaşlıq olmalıdır».

Səfir əlavə edib ki, Azərbaycanın yeni layihələrə ABŞ və digər ölkələrin şirkətlərini cəlb edəcəyinə ümid edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG