Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 02:20

Aytacın qətli, Azərbaycan və Fransa qanunları (İnfoqrafika)


Foto illüstrasiya
Foto illüstrasiya

.

QADINI ANLAYAN FRANSIZ POLİSİ

… Fransada feminizm hərəkatı 1970-ci ildən yayılmağa başlasa da, 2009-2010-cu illərdə bu Avropa ölkəsində qadınlara qarşı məişət zorakılığı milli problem həddinə gəlmişdi.

Amma Fransa hökuməti və ictimaiyyəti ötən 4-5 ildə problemin öhdəsindən gəlib, qadınların vəziyyətini yaxşılaşdıra bildi.

Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa İnsan Haqları Məhkəməsinin keçmiş baş hüquqşünası, Fransada qadına qarşı zorakılıq əleyhinə tədbirlər üzrə ixtisaslaşmış Grégory Thuan dit Dieudonne deyir:

«Qadınlar bir çox hallarda dərdlərini deməyə qorxurlar. Bilmirlər ki, polis, prokuror onları anlayacaqmı. Odur ki, hökumət məcburi olaraq ölkə üzrə bütün polis məntəqələrində qadınlarla işləmək üzrə təlimatlandırılmış polis işçisi yerləşdirib».

Fransız qadınları haqda ətraflı bir az sonra.

AYTAC BABAYEVANIN QƏTLİ…

Keçən həftə Bakıda 11-ci sinif şagirdi Aytac Babayevanın kişi tanışı tərəfindən küçədə səkkiz bıçaq zərbəsi ilə öldürülməsindən sonra Azərbaycanda qadın hüquqları məsələsi yenidən gündəmə gəldi.

Bu ilin martında da Bakı küçələrindən birində iki oğlanın bir gənc qızı döyməsi barədə məlumat yayılmışdı. Qızı döyməkdə ittiham olunan gənclərdən biri haqda iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova həyəcan təbili çalır, deyir ki, artıq Azərbaycanda küçənin ortasında da qadına qarşı zorakılıq edirlər:

«Biz doqquz il əvvəl xəbərdarlıq etmişdik ki, qadınlara qarşı zorakılıq bir azdan uşaqlara qarşı zorakılıqla əvəz olunacaq. Artıq o vaxt çatıb».

BMT: AZƏRBAYCANDA PATRİARXAL NORMALAR MÜQAVİMƏT GÖSTƏRİR

BMT İnsan Haqları Şurasının 2013-cü ilin noyabr-dekabr aylarında Azərbaycanda apardığı araşdırmanın nəticəsində dərc etdiyi hesabata əsasən, ölkədə qadınlara qarşı zorakılıq həm şəxsi, həm də ictimai münasibətlər müstəvisində geniş yayılıb.

«Belə görünür ki, zorakılığı dəstəkləyən əsas amillər patriarxal sosial normaların hələ də müqavimət göstərməsi, dərin kök atmış gender stereotipləri, yanlış anlamalar, adət-ənənələrdir», - hesabatda deyilir.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2013-cü ildə ölkə üzrə açılması təmin edilmiş 288 qəsdən adamöldürmə və ona cəhdin 59%-i (170) qısqanclıq, mübahisə və digər ailə-məişət münaqişələri zəminində baş verib.

Gün ərzində telefon zənglərinə cavab verilmədiyindən AzadlıqRadiosu nazirlikdən daha əvvəlki illər üzrə məlumat əldə edə bilməyib.

Mətanət Əzizova deyir ki, rəsmi statistika inandırıcı deyil, çünki çox vaxt qadınlar dərdlərini hüquq –mühafizə orqanlarına deməyə çəkinirlər.

BMT: «AZƏRBAYCANDA İKİ İLDƏ 193 QADIN QƏTLƏ YETİRİLİB»

BMT Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 2011-ci il yanvarın 1-dən 2013-cü il noyabrın 1-dək Azərbaycanda qadınlara qarşı 16 min 253 cinayət hadisəsi törədilib, bunların 9 min 140-ü qadınlara qarşı zorakılıq halıdır. Bu hadisələrdən 76-ı zorlama, 193-cü qətldir. Qətlin motivləri ilə bağlı məlumat verilmir.

BMT-nın 2008-ci ildə Azərbaycanda keçirdiyi sorğuya əsasən, qadınların dördə biri 15 yaşından bəri fiziki, seksual və emosional zorakılığa məruz qalıb.

Cinsi əlaqəyə zorla məcbur edilmə əsas seksual zorakılıq halı kimi qeyd olunub. İntervyu edilən qadınların 10 faizi uşaq ikən ya ailə üzvləri (ögey ata, ata, ailənin digər kişi üzvləri), ya da ailənin kişi dostları tərəfindən cinsi zorakılığa məruz qalıb.

AZƏRBAYCANDA KÖÇKÜN QADINLAR ZORAKILIĞA DAHA ÇOX MƏRUZ QALIR

Rəyi soruşulan qadınların 53 faizi bildirib ki, evdən çıxanda ərindən icazə almağa məcburdur.

Ümumilikdə qadınlar 22 faiz halda təhqir olunduqlarını, 13 faiz halda aşağı gözlə baxıldıqlarını, 11 faiz halda isə qorxudulduqlarını deyiblər.

Azərbaycanda «İnsan inkişafı 2007» hesabatına görə, məcburi köçkün qadınların zorakılığa məruz qalma halları digər icmalardan 7 faiz çoxdur. Qadınlara qarşı zorakılığın ən bariz nümunələrindən biri də erkən və/və ya zorakı nikahdır. Bu, BMT nümayəndələrinin səfəri zamanı əsas sosial problem kimi qəbul olunub.

AZƏRBAYCANIN VƏ FRANSANIN CİNAYƏT MƏCƏLLƏSİ QADINA QARŞI CİNAYƏT HAQDA

Fransanın Cinayət Məcəlləsində qadınlara qarşı zorakılıqla bağlı ayrıca maddə var. Bu maddə qadına qarşı fiziki zorakılığa qarşı 5 ildən 10 ilə qədər, psixoloji zorakılığa qarşı isə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Bunu da AzadlıqRadiosuna hüquqşünas Grégory Thuan dit Dieudonne deyir:

«Qadın ona qarşı olan psixoloji zorakılığı sübut etmək üçün həkimdən təsdiq sənədi təqdim etməlidir».

Azərbaycanın Cinayət Məcəlləsində isə ailədaxili zorakılıq hallarının qarşısının alınmasına dair qadınlarla bağlı ayrıca maddə yoxdur. Azərbaycanda yerli QHT- Qadın Krizis Mərkəzinin hüquqşünası İlqar Qasımov deyir ki, qadınlara qarşı zorakılığın qarşısını almaq yollarından biri də cəzaları sərtləşdirməkdir:

«Cinayət Məcəlləsinə qadınlarla bağlı ayrıca bölmə daxil etmək lazımdır».

AZƏRBAYCAN TƏHSİLİ SƏBƏBDİRMİ?

Yerli qanunvericiliklə yanaşı, Fransa 2014-cü ildə İstanbul Konvensiyasına qoşulub. Konvensiya qadınlara qarşı zorakılığın qarşısının alınmasını, onların müdafiə olunmasını nəzərdə tutur.

Soruşuruq ki, Azərbaycanda bəziləri hesab edir ki, qadınlara qarşı zorakılıq təhsilin səviyyəsi ilə bağlıdır. Bu, səbəb ola bilərmi?

Grégory Thuan dit Dieudonne deyir:

«Fransada bütün ölkə üzrə təhsil çox yaxşı səviyyədədir. Buna baxmayaraq, ailədaxili zorakılıq halları hələ də mövcuddur. Təhsil vacib amildir, amma əsas səbəb deyil».

BƏS ONDA KİŞİLƏR NİYƏ QADINLARA QARŞI ZORAKILIQ EDİRLƏR?

Bu problem təkcə Fransaya aid deyil. Bütün cəmiyyətlərdə bu problem var. Bunun əsas səbəbi cəzasızlıq mühiti, keçmişdəki kişi dominantlığı, dinin dövlətdən ayrı olmaması, kültür məsələsidir. Fransa bu çətin dövrü 50 il əvvəl keçib, amma problemlər hələ də qalmaqdadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG