Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

Qanad açmış avtobus, uçur buludlar arasında


Rasim Qaraca
Rasim Qaraca

Rasim Qaraca, Şirvanda yazılan şeirlər

-

iki sevgili öpüşərək keçir bu qorxunc yolu...

və gözlərini açanda

nə görsələr yaxşıdır,

qanad açmış avtobus

uçur buludların arasında

Rasim Qaraca

Şirvanda yazılan şeirlər

*

Ey söyüd ağacı

salxımların bənzəyir saçlarına bir gözəlin,

ancaq boş ver bunu,

sən özün ol -

qışda soyunan,

yazda geyinən bu halınla sən

onlardan daha gözəlsən...

*

gözlərin torlaşsa bir gün

duzlu sularla dolan

balaca bir gölməçəyə dönsə...

Bir təsəllin var yalnız

bu mənzərəni

üzünə vuran yağmur damlaları tamamlayacaq...

*

dostlar, bir az da

kölgənizi

kimsənin kölgəsinə qarışdırmadan

yaşayın nə olar

*

Pəncərə önündə udumlayıb çayımı

nə yerə baxıram, nə göyə

baxıram qonmağa yer axtaran o quşa

Bilirəm qonmaq üçün deyildi bu qanad çalmalar,

sadəcə başlanğıc idi yeni bir uçuşa...

*

Səninçün yazıram bu şeiri

nə əruzda nə hecadadı

səni necə düşünürəmsə sevgilim,

bax o da eləcədi

*

Bir əlçim külək olmaq istəyir adam

əsmək

bir ömür boyu vıyıldamaq

heç vaxt yıxılmayacaq kimi görünən bu dünyaya

bir az yuxarıdan baxaraq

*

Sevmək, elə sevmək ki,

yer üzündə ikimiz qalmışıq kimi görünək...

*

Min illərdir döyülən bu qadın

deyin, necə güclü olmasın?

*

İndi

sənin olmadığın bu yerlərdə

qaranlıq q

yağmur y

dəniz sadəcə d-dir

*

Sinop virajlarında

avtobus uçuruma yuvarlanacaq

bəlkə də yuvarlandı artıq

iki sevgili öpüşərək keçir bu qorxunc yolu...

və gözlərini açanda

nə görsələr yaxşıdır,

qanad açmış avtobus

uçur buludların arasında

*

Yaxınlaşıb soruşmaq istəyirəm adını

soyuqda büzüşüb dilənən bu qadının

axı sən anasan, sevgilisən

ayaqlarının altındadır cənnət,

yox, mən o deyiləm,

20 manat idim,

indisə son 20 qəpiyəm...

*

Eh, nə deyim axı,

məni boşluq deyil,

bozluq qorxudur...

*

Soyuq tər içində ayılıb yuxudan

gecənin bir aləmində

divardakı rəsm əsərinə baxıram

yalnız qara kvadrat görürəm

nə baş verdiyini anlamadan.

küt bir ağrıyla dərk edirəm indi

Maleviçi

*

Qazax-Ağstafa yolunda

sarı çiçək tarlasında qarşısına keçib

onun fotosunu çəkmək istəyən bu insana

fınxıraraq baxan atın gözlərində

həm sarı çiçək tarlası əks olunub

həm də əlində əcaib makina tutmuş bu insan

*

Yola düşüb gedirsən

corabsız ayaqqabı geymənin verdiyi azadlıq havası var başında

üçtəkər arabasında qarşına çıxan balaca oğlanın

üzündəki xoşbəxt təbəssüm də güc verir sənə...

Eh, məgər bir yol tapmazmı insan

geriyə dönməyəcəyini bildiyi zaman...

*

Ra günəş deməkdir, Rasim,

məgər bu yetərli deyilmi

o kor yarasalara...

XS
SM
MD
LG