Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:52

Ermənistan parlamentində soyqırımı və Qarabağ mübahisələri qızışır


Areqnaz Manukyan
Areqnaz Manukyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, aprelin 16-da parlamentdə Yezidi Soyqırımı Gününün təsis edilməsi məsələsinin müzakirəsi yenidən iqtidar və müxalifət partiyaları arasında qızğın mübahisələrə və qarşılıqlı ittihamlara səbəb olub.

Müxalifət sözü gedən hökumət təşəbbüsünə səs versə də, hakimiyyətin yadına onun 2022-ci ildə “Marağa qətliamı” gününün təsis edilməsinə və Türkiyə ilə Azərbaycan arasında “Şuşa Bəyannaməsinin” imzalanmasına qarşı etiraza necə imkan yaratmamasını salıb.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının deputatı Areqnaz Manukyan bu barədə deyib:

"Artsaxı (Qarabağ-red) Azərbaycanın bir hissəsi elan edən və siyasəti ilə Artsaxın (Qarabağ-red) məhvinə yol açan, sülh erası adı ilə Ermənistan Respublikasının varlığına təhlükə yaradan qüvvə Azərbaycanın Artsax (Qarabağ-red) Respublikası ərazisində, Marağada (Şıxarx-red) törətdiyi qətliam qurbanlarının xatirə gününün təsis edilməsinə və bizim bu faciəli hadisəni yad etməyimizə yol verə bilməz”.

Koçaryan bəyanatın onun şəxsi təşəbbüsü olduğunu deyir

Müxalifət deputatı Paşinyan hökumətinin “erməni soyqırımını” da şübhə altına almasını tənqid edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistan Milli Məclisi müdafiə komitəsinin sədri Andranik Koçaryan baş nazir Nikol Paşinyanın 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrdə həlak olan ermənilərin adbaad siyahısının tərtib olunmasını istədiyini deyib.

Azatutyun yazır ki, Koçaryan ertəsi gün bu təşəbbüsün Paşinyana aid olmadığını və onun öz şəxsi təşəbbüsü olduğunu bildirib.

O bildirmişdi ki, “soyqırıma məruz qalan milyon yarım erməninin adbaad siyahısının tərtib olunması zərurudur”.

“Qarabağı özünüz vermişiniz” ittihamı

Areqnaz Manukyan iddia edib ki, “bu təşəbbüsdən hakimiyyətin məqsədi 1.5 milyon erməninin öldürülməsinin saxta məlumat olduğunu isbat etməkdir”.

Azatutyun yazır ki, parlamentin aprelin 16-da keçirilən iclasında iqtidar deputatlarından heç biri bu məsələyə toxunmayıb və 1915-ci il qurbanlarının adbaad siyahısının məqsədini izah etməyib.

Bunun əvəzində iqtidar deputatı Vahaqn Aleksansanyan tribunaya qalxaraq Qarabağ separatçı rejiminin məhvinə görə Ermənistan müxalifətinin iki fraksiyasını ittiham edib:

"Mən də sizə bəyan etmək istəyirəm ki, siz, Daşnaksutyun partiyası, Robert Koçaryanın partiyası, Respublika partiyası və onun əlbirləri kapitulyasiya koalisiyasısınız. Sözün əsl həqiqi mənasında Dağlıq Qarabağın kapitulyasiyasını siz imzalamısınız və siz təslimçi qüvvəsiniz”.

Müxalifət deputatları deyiblər ki, “Vətəndaş müqaviləsi” partiyası 2021-ci ildə hakimiyyətə gələndə Qarabağın təhlükəsizlik qarantiyaçısı olacağını vəd etsə, bu vədini yerinə yetirməyib.

Marağa – Şıxarx kəndi

Bu kənd haqqında məlumatlarda deyilir ki, 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülüb. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırmışdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen olmuşdu.

Kənd 1954-cü ildən Leninavan adlandırılmışdı.

1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Birinci Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdı. Bu əməliyyat nəticəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən kəndi saxlamaq mümkün olmamışdı.

Erməni tərəfi bu hadisələrdə kəndin yandırıldığını və 80-100 arasında sakinin həlak olduğunu deyir.

Bu da qeyd olunur ki, Marquşavan döyüşündə götürülmüş əsir və girovlar sonradan Xocalı girovları ilə dəyişdirilib.

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılıb. 5 dekabr 2023-cü ildə Şıxarx qəsəbəsi Ağdərə rayonunun tərkibinə daxil edilib.

'Əliyev Blinkenə deyib ki, get öz işinlə məşğul ol...'
Gözlə

No media source currently available

0:00 0:10:56 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG