Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:58

'İşğalın 100 ili'. 3 tarixçiyə 5 sual (Solmaz Tohidi)


Moskvada hərbçilərin "Kommunizm" şüarı ilə yürüşü. 1917
Moskvada hərbçilərin "Kommunizm" şüarı ilə yürüşü. 1917

AzadlıqRadiosunun arxivindən (2020)

Aprelin 28-də (əslində, 27-də) rus-bolşevik qoşunlarının Azərbaycan Cümhuriyyətini işğal etdiyi günün 100-cü ili tamam olur. AzadlıqRadiosunun "İZ" proqramı o dönəmin 3 tanınmış araşdırıcısına - Cəmil Həsənliyə, Solmaz Tohidiyə və Aydın Balayevə üz tutaraq bu işğal olayını dəyərləndirmələrini xahiş edib. "3 tarixçiyə 5 sual" adlanan müsahibə 3 bölümdə diqqətinizə yetiriləcək və hər bölümdə bir tarixçinin cavabları əksini tapacaq.

Solmaz Rüstəmova-Tohidi
Solmaz Rüstəmova-Tohidi

"İşğalın 100 ili" (3-cü müsahibə)

Solmaz Rüstəmova-Tohidi: "Azərbaycan hökuməti ən yaxşı halda XI Qızıl Orduya güclü müqavimət göstərə bilər və qan və böyük itkilər bahasına işğal faktının müddətini uzada bilərdi"

- M.Ə. Rəsulzadənin diliylə deyilsə, "böyük faciə"nin - bolşevik işğalının 100 illiyidir. Sizcə, bu qanlı tarix niyə unudulmamalıdır?

- 28 Aprel 1920-ci il - həqiqətən faciəvi tarixdir. Bu zaman Azərbaycan dövlətçiliyi tarixində ilk milli müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Cümhuriyyətinin varlığına son qoyulub. Azərbaycanlıların müsəlman Şərqində ilk dəfə tam yeni dəyərlər sisteminə – dünyəvilik, demokratiya, millilik, bərabərlik, qanunilik və digər dəyərlərə əsaslanan ilk hüquqi respublika qurmaq prosesi dayandırılıb. İşğal zamanı və sonrakı illərdə Azərbaycan əhalisinin müxtəlif zümrələri saysız fiziki, maddi, mənəvi itkilərə məruz qalıb. Milli - azərbaycançılıq ideologiyasının sinfilik nəzəriyyəsinə əsaslanan beynəlmiləlçilik və kommunist ideologiyası ilə əvəzlənməsi müstəqilliyini itirmiş ölkənin sonrakı 70 il ərzində formal suveren respublika qismində federativ əsaslar üzərində təşkil edilmiş yeni dövlətçilik sistemində - SSRİ tərkibində mövcud olması Azərbaycan xalqının və cəmiyyətinin siyasi, iqtisadi, mədəni-mənəvi həyatında əsaslı dəyişikliklər yaradıb. Odur ki, 28 Aprel işğalının yalnız tarixi deyil, Azərbaycan dövlətçiliyi və cəmiyyətinin müasir durumunun mövcud problemlərinin köklərinin öyrənilməsi baxımından da mühüm əhəmiyyəti var.

- Sizcə, "28 Aprel olmaya bilərdimi" sualının cavabı doğruları üzə çıxarmaq baxımından nə dərəcədə önəmlidir?

- Sualın belə qoyuluşu 28 Aprel işğalının ilk növbədə subyektiv səbəblərinə--Cümhuriyyət rəhbərliyinin və dövlətinin müvafiq strukturlarının işğalın qarşısını almaq hazırlığına və imkanlarına diqqət çəkir. Sənədlər cümhuriyyət xadimlərinin, ilk növbədə Azərbaycanın hökumət və Parlamentinin Şimaldan gələn təhlükənin lazımınca fərqinə vardığını və bunun qarşısını almaq yolunda bir sıra tədbirlər gördüyünü göstərir. Bu tədbirlər üzərində durmadan subyektiv səbəblər arasında həmin dövr Cümhuriyyətin siyasi həyatında baş verən müəyyən proseslər – Parlamentdə bəzi fraksiyaların və siyasi qrupların, ilk növbədə "İttihad" partiyasının və solçu qrupların çox vaxt əsassız, bəzən hökumətin fəaliyyətini iflic vəziyyətə salacaq və nazirlər kabinəsinin istefasına gətirəcək həddə iddiaları, işğal ərəfəsində hökumət böhranı, uzun müddət yeni kabinənin formalaşmaması, Parlamentin bu prosesləri tənzim etmək imkanlarının xeyli məhdudlaşması göstərilməlidir. 1920-ci ilin yanvarından başlayaraq ölkədə sol qüvvələrin xeyli fəallaşması, gizli şəraitdə təşkilatlanması, bolşevik Rusiyası ilə əlaqələri və çevrilişə hazırlıq tədbirlərindən xəbərdar olan hökumətin ölkə daxilində bu qüvvələrin zərərsizləşdirılməsi üçün öz vaxtında zəruri radikal addımlar atmaması, müvafiq strukturlarının bu istiqamətdə sonradan görülən işlərinin isə artıq gecikmiş olması, ordu quruculuğu sahəsindəki ciddi problemlər də həmin subyektiv faktorlar sırasındadır. Bütün bu amillərin subyektiv sayılmasının səbəbi isə odur ki, istənilən halda, yəni, bu qüsurlar olmasaydı belə, Azərbaycan hökuməti ən yaxşı halda XI Qızıl Orduya güclü müqavimət göstərə bilər və qan və böyük itkilər bahasına işğal faktının müddətini uzada bilərdi.

28 Aprel işğalının obyektiv səbəbləri var və Sovet Rusiyasının bu əməliyyata ciddi hazırlığına dair sənədlər işğalın yalnız zaman məsələsi olduğundan xəbər verir. 1920-ci il, ümumiyyətlə, Sovet dövlətinin yeni, sosialist-kommunist şüarları altında Rus imperiyasını keçmiş hüdudlarında bərpa etmək və "dünya inqilabı" şüarı ilə "Oktyabr" təcrübəsini bütün Avropa və, əsasən, qonşu Şərq ölkələrində sınaqdan keçirmək cəhdləri ilə səciyyələnir. Bu sonuncu məqsədlə hələ 1919-cu ildə yaradılan Kommunist İnternasionalının Şərq siyasətində Azərbaycana xüsusi yer ayrılır, ona "Şərqdə ilk sosialist respublikası" olmaq "şərəfi" verilirdi. Təsadüfi deyil ki, işğaldan cəmi 4 ay sonra, 1920-c cil il 1-8 sentyabr tarixlərində artıq Sovet Azərbaycanının paytaxtı Bakıda Kominternin təşkilatçılığı ilə möhtəşəm bir tədbir – Şərq xalqlarının I qurultayı keçirilir, bu qurultayda 40-a yaxın ölkəni təmsil edən, əsasən, Şərq ölkələrindən 1000-dən çox nümayəndə toplanır. Məhz bu qurultayın qapalı iclaslarında yaxın zamanlar üçün Ermənistan və Gürcüstanın sovetləşdirilməsi məsələləri, İranda və Türkiyədə isə "Azərbaycan təcrübəsi"nin uğursuzluğunun səbəbləri müzakirə olunur.

Yeri gəlmişkən deyim ki, bu il həmin qurultayın 100 illiyi tamam olur və AMEA Rəyasət Heyəti akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə birlikdə bu tarixi qurultayın yeni yanaşma və Şərqin müasir durumu kontekstində "Şərq xalqlarının Bakı qurultayı. Sentyabr, 1920-ci il. Şərq ölkələri 100 il əvvəl və sonra" mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırıb.

Əlbəttə, 28 Aprel işğalının obyektiv səbəbləri arasında bu qlobal məqsədlərdən başqa konkret planlar – ilk növbədə neft Bakısına sahib olmaq da dururdu. Əldə olan sənədlər bu işğalın ən yüksək səviyyədə, Sovet dövlətinin başçıları Lenin və Trotskinin bilavasitə rəhbərliyi, Stalin, Orconikidze, digər Qafqaz xadimlərinin iştirakı və Azərbaycanın azsaylı solçu qüvvələrinin icraatı ilə hazırlandığını və birbaşa Qızıl Ordunun müdaxiləsi ilə başa çatdırıldığını göstərir. Bu baxımdan, zənnimcə, Azərbaycan dövlətinin istənilən halda bu işğalın qarşısını alacaq qüdrəti yox idi. Amma burada tam əminliklə bunu demək olar ki, həmin dövr üçün Cümhuriyyət artıq öz başlıca missiyasını – milli Azərbaycan dövlətini yaratmaq və onun yaşar qabiliyyətini təmin edəcək bütün dövlət strukturlarını müəyyənləşdirmək vəzifəsini yerinə yetirmişdi.

- Azərbaycanın işğalına o vaxtlar hələ Atatürk adlandırılmayan Mustafa Kamal Paşanın xeyir-dua verməsi nə dərəcədə düzdür? Belə bir xeyir-duaya rusların nə ehtiyacı vardı?

- Artıq qeyd edildiyi kimi, Azərbaycanı işğal etmək və bu neft məmləkətində sosialistyönlü bir dövlət qurumu yaratmaq planlarına Sovet rəhbərliyi bu dəfə çox ciddi hazırlaşmışdı. "Bu dəfə" ifadəsi burada mühüm açar sözdür, çünki 1918-ci ilin mart hadisələri və azərbaycanlı-müsəlman əhalinin kütləvi qırğını fonunda hakimiyyətə gələn Bakı Sovetinin acınacaqlı sonluğu Nərimanovun təbirincə "Qafqaza hansı şüarla getməli" sualını yenidən gündəmə gətirmişdi. Əslində, bolşeviklərin 1920-ci ilin "Qafqaz yürüşü"nün yenə də həmin şüar, silah və zor gücünə həyata keçirilməsi nəzərdə tutulurdu. Çünki Azərbaycanın hələ 1918-ci ildə Sovet hakimiyyətini qəbul etməmiş müsəlman əhalisinin bu dəfə – artıq iki il öz müstəqil milli dövlətində yaşadıqdan sonra – Nərimanovun sosialist şüarlarını qəbul edəcəyi barədə Sovet rəhbərliyinin hər hansı illüziyası yox idi.

Üstəlik, 1918-ci il təcrübəsi Azərbaycanı o dövr işğaldan qurtarmış Türk ordusu faktorunu da nəzərə almağı tələb edirdi. Odur ki, Sovetlərin də əsas xarici düşməni olan ingilislərə qarşı öz ölkəsinin varlığı uğrunda ölüm-dirim mücadiləsi aparan Mustafa Kamal Paşa ilə müvafiq şərtlər daxilində razılığa gəlmək, Qafqazda, xüsusən Azərbaycanda olan türk zabitləri və əsgərləri vasitəsilə Azərbaycan xalqını aldatmaq taktikasını 28 Aprel işğal planlarının müəlliflərinin ən "uğurlu" tapıntısı saymaq olar. Kamal Paşanın və Bakıdakı türk zabitlərinin bu oyunlara getməsinin səbəbləri haradasa anlaşılan olsa da, heç bir halda təqdir edilə bilməz. Belə ki, ən azı, M. Ə. Rəsulzadənin şəhadətinə görə, o, şəxsən bolşevik işğal qatarının önündə gələcək Xəlil Paşa ilə əvvəldən rusların planlarına uymamaq barədə dəfələrlə söhbətlər aparmış, amma onu bu yoldan çəkindirə bilməmişdi. XI Ordunun Azərbaycandan keçərək Anadoluya gedəcəyinə dair şüarla Bakıya girməsinin Mustafa Kamalın özündən tutmuş digər bolşevik rəhbərliyi ilə razılaşdırıldığına dair konkret sənədlər var və bu baxımdan, burada həmin fakta dair "düzdür, ya yox " sualı ola bilməz. Bu da məlumdur ki, işğalın ilk günləri Türkiyənin bayraqları ilə bəzədilmiş şəhərə çıxan və "Türk qardaşlara köməyə gedən Sovet qoşunu" haqda divarlara vurulan elanları oxuyan Bakı sakinləri küçələrdə şütüyən və hamını sakitliyə riayət etməyə səsləyən maşınlardakı türk zabitlərini böyük ruh yüksəkliyi ilə "Anadolu"ya yola salırdı. Xalq aldadıldığını az sonra biləcək və Azərbaycanı bolşevik işğalına qarşı üsyanlar dalğası bürüyəcəkdi.

Türk zabit və əsgərlərinin bolşeviklərlə bu işbirliyində öz hədlərini aşaraq Azərbaycan hökumətinin və rəsmilərinin Bakını tərk etməsinə mane olduğu və bununla da onların həbsdən və ölümdən xilas olunmalarına imkan vermədiyi kimi faktlarsa həmin illər Türkiyə və qismən Azərbaycan dövlətçiliyinə qarşı cinayətlərdə təqsirləndirilən türk zabitlərinə qarşı 1926-cı ildə Ankarada qurulan "İstiqlal məhkəməsi"ndə yer alıb. M.Ə.Rəsulzadənin həmin məhkəmə və orada Bakının işğalında iştirak etmiş türk zabitlərinin mühakiməsinə dair məqaləsini "Yeni Qafqaziyə" jurnalında oxumaq olar.

- "Qara qızıl və ağ pambıq!.. Bax bu üzdən sovetləşdirilib Azərbaycan!". Bu sözləri Mirzə Bala Məmmədzadə işğaldan bir müddət sonra söyləyib. Yəni, doğrudanmı qara və ağ qızıl olmasaydı, işğala ehtiyac qalmazdı?

- Mən bu suala artıq yuxarıda cavab verdim. Burada yalnız onu əlavə edə bilərəm ki, bolşevik qüvvələri Azərbaycanı işğal edərkən 1918-ci il ssenarisinin "uğurlu" təcrübələrindən bir daha bəhrələnmişdilər. Bakı və Şamaxıdan başlayaraq, 1918-ci ildə kütləvi qırğınların törədildiyi bütün Azərbaycan qəzalarında, bir qayda olaraq, yerli erməni əhalisindən istifadə olunmuş, bu əhali qrupu hər dəfə hələ qoşun gəlmədən müsəlman əhalisi ilə kiçik münaqişələr törətmiş, daha sonra silaha sarılaraq bolşevik-erməni silahlı qüvvələri ilə birlikdə müsəlman əhalisinə qarşı cınayətlər törətmişdi. 1920-ci ilin işğal planlarında da həmin ssenariyə qayıdılmış, mart ayının ortalarında Qarabağ erməniləri qiyam qaldırmış, Azərbaycan ordusunun Əskərandakı qüvvələrinə hücum etmiş, hərbi münaqişə böyümüş və Azərbaycan hökuməti, demək olar, bütün ordu hissələrini Qarabağa göndərməyə məcbur qalmışdı. Qiyam yatırılsa da, şimal sərhədlərinin boşaldılması, Yalama alayının dirənişi istisna, XI Ordunun, demək olar, maneəsiz Bakıya girməsinə səbəb olmuşdu.

Qarabağ ermənilərinin nümayəndələri özlərinin bu "şücaətləri" – Azərbaycanın sovetləşdirilməsində "müstəsna xidmətləri" haqda, dərhal Mərkəzə, Kremlə məlumatlar göndərmiş, "Jizn nasionalnostey" qəzetində bu barədə geniş bir məqalə dərc etmişlər. Ermənistan dövləti və onlarla bir hərəkət edən Qarabağ ermənilərinin bu məsələdə xüsusi gözləntiləri vardı, onlar Qarabağın, Zəngəzur və digər Azərbaycan ərazilərinin Ermənistan dövlətinə veriləcəyinə əmin idilər.

Lakin Azərbaycan sovetləşdiriləndən dərhal sonra Cənubi Qafqazın digər respublikalarının, Ermənistan və Gürcüstanın da sovetləşdirilməsi planlarının hazırlanmasına başlandı. Şərq xalqlarının I qurultayında erməni bolşevikləri qurultaya "Ermənistan zəhmətkeş kütlələrini daşnak hökumətindən xilas etmək" barədə Müraciət təqdim etdilər və cəmi 2 aydan sonra bu "Müraciət" yerinə yetirildi.

Beləliklə, 28 Aprel işğalının arxasında yalnız "qara və ağ qızıl" niyyətləri durmurdu. Böyük dövlətlər tərəfindən yalnız de-fakto deyil, de-yure tanınan, Almaniyanın hərtərəfli dəstəklədiyi Gürcüstan dövlətinin mövqeləri Azərbaycan və Ermənistan respublikalarından qat-qat möhkəm olsa da, bir neçə cəhddən sonra 1921-ci ilin fevralında onun da hərbi yolla devrilməsi Cənubi Qafqazın müstəqil respublikalarının işğala və sovetləşməyə məhkum olduqlarının bariz nümunəsidir.

Burada bir məqama da diqqət yetirilməlidir ki, bu işğal faktından bir qədər əvvəl, Azərbaycanın və Gürcüstanın müstəqilliyinin tanınmasından dərhal sonra Qərb dövlətləri tərəfindən yaradılan və Cənubi Qafqaz respublikalarının müdafiə potensıalını araşdıran Hərbi komissiya regionun öz gücü ilə bolşevik Rusiyasının işğalına davam gətirmək və hərbi yardım edilsə belə, öz qüvvələri ilə müstəqilliklərini qorumaq imkanında olmadığı qərarına gəlmişdi. Odur ki, Avropanın bolşeviklərlə mübarizədə geniş maddi və hərbi dəstək verdiyi ağqvardiyaçı rus qoşunlarının məğlubiyyəti, Birinci Dünya müharibəsinin yenicə bitdiyi və dünya ölkələrinin müharibələrdən yorulduğu kimi bir reallıqda bu regiona xarici hərbi qüvvələrin göndərilməsi bu nüfuzlu Komissiya tərəfindən mümkün sayılmamışdı.

- Bir əsr öncənin hansı ibrət dərsləri var, Sizcə?

- Əsas dərs birdir - Azərbaycan dövlətçiliyini qorumaq! Sovet İttifaqının süqutu, müstəqilliyimizin bərpası xalqımıza yenidən öz müstəqil dövlətini bərpa etmək şansı verdi. Bu müstəqillik yenə də itkisiz başa gəlmədi. Yenə torpaqlarımızda erməni qiyamı ilə üzləşdik, yenə mərkəzi rus-sovet rəhbərliyi bu işdə erməniləri dəstəklədi. Lakin Azərbaycan xalqının tarixində ilk dəfə möhtəşəm bir hadisə baş verdi. İlk dəfə ayrı-ayrı görkəmli xadimlər, ziyalılar deyil, bütün xalq ayağa qalxdı, 1988-ci il Meydan hərəkatında, 1990-cı il Yanvar faciəsində milyonlarla azərbaycanlı meydanlara, küçələrə axışaraq müstəqil yaşamaq, öz dövlətini qurmaq əzmini nümayiş etdirdi.

Lakin təəssüf ki, 1920-ci il Aprel işğalından lazımınca ibrət dərsləri almadıq. Əks təqdirdə dövlətçiliyimizin bərpasından keçən 30 ildən sonra da torpaqlarımızın 20 faizi hələ də işğal altında qalmazdı. Cümhuriyyət xadimlərimizin xatirələrinin hələ də layiqincə əbədiləşdirilmədiyi, cəmiyyətimizin məlum mənəvi durumu və s. reallıqlar da dərs çıxarmadığımızın göstəricisidir. Hazırda ölkənin siyasi müstəvisində ifrat solçuluq təmayüllərinin baş qaldırma cəhdləri, şimaldan gələn "SSRİ-nin yeni formatda bərpası" çağırışları, bu çağırışların cəmiyyətdə, azsaylı da olsa, özünə həmrəylər tapması da ciddi narahatçılıq törədən məqamlardır. Odur ki, fikrimi Üzeyir bəyin hələ 1919-ci ildə mart hadisələrinin birilliyi münasibətilə yazdığı, lakin bu günümüz üçün də aktual olan çağırışı ilə bitirirəm: "...Bu gün istiqlal ilə yaşayıb da bu neməti-üzəmadən (əzmimizin meyvəsindən anlamında – red.) istifadə ediriksə də, özümüzü xaricən əmn-amanlıqda bilmək və istiqlalımızın ibqasını (əbədiləşdirilməsini, olduğu kimi qorunmasını – red.) təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddəratı gələcəkdə zühuri möhtəməl olan hər növ təcavüzətdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG