Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 20:10

Respublikaçı keşişlə respublikaçı müsəlmanın əhvalatı


Pastor Gordon müsəlman namizədin əleyhinə çıxış edir
Pastor Gordon müsəlman namizədin əleyhinə çıxış edir

ABŞ-da keçirilən iclasda partiyanın bir üzvü, həm də yerli xristian rahibi partiyanın başqa bir üzvünün müsəlman olduğuna görə sədrliyə təyin edilməsinə qarşı çıxıb

“The Washington Post” qəzeti yazır ki, Texas ştatının əhalisi 4 milyon nəfər olan Harris dairəsində 1000-dək sahə var və Respublikaçılar Partiyası bu sahələrdən hər birinə sədr təyin edir. Adi bir prosedurdur.

Əhvalat ondan başlanır ki, bu sədrləri seçmək üçün toplanmış iclasda partiyanın bir üzvü, həm də yerli xristian rahibi partiyanın başqa bir üzvünün müsəlman olduğuna görə sədrliyə təyin edilməsinə qarşı çıxıb.

Qəzet yazır ki, bu kiçik vəzifələrin doldurulması adətən bir göz qırpımında baş versə də, sözü gedən yığıncaq uzanıb.

Çünki bu yerlərdə yarımştat keşiş işləyən Trebor Gordon çıxış etməyə başlayıb və deyib ki, hələ Reaganın vaxtından bu partiyanın üzvü olan 62 yaşlı Hyuston sakini Syed Ali sədrliyə təyin edilə bilməz, çünki İslam Respublikaçı Partiyaya fundamental şəkildə ziddir.

“Bu kişi yalandan da olsa dodaqlarını tərpətmir...”

“İslam və Xristinalıq bir yerdə tutmur” - deyib Gordon.

Bəzi təhlilçilər deyirlər ki, Trump faktoru ABŞ-da antimüsəlman sentimentini artırıb
Bəzi təhlilçilər deyirlər ki, Trump faktoru ABŞ-da antimüsəlman sentimentini artırıb

Hyuston ətrafının keşişi Gordon deyib: “Mənim dualarım zamanı bu kişi baş əymir. Allaha sədaqət izhar edərkən bir söz də demir, heç olmasa yalandan da olsa dodaqlarını belə tərpətmir…”

“Əgər sizə desələr ki, filankəs müsəlmandır və Respublikaçılar Partiyasının təməl prinsiplərini qəbul edir, inanmayın. Bu ola bilməz. Bizim platformamızda elə şeylər var ki, o və onun inancları bu şeylərə tamamilə ziddir” – deyib Gordon.

Yerli sahə komitəsinin sədri Felicia Winfree Cravens deyib ki, o keşişin sözlərindən şoka düşüb.

Məsələ burasındadır ki, bütün baş verənləri xanım Cravens-in kamerası çəkirmiş…Məqsədli şəkildə yox. O sadəcə olaraq həmin anda rəfiqəsinə Facebook Live proqramının necə işlədiyini göstərirmiş…və eşitdiklərindən elə sarsılıb ki, kamera da elə çəkə-çəkə qalıb.

“İslam, ümumiyyətlə dindirmi?”

Gordon, Alinin sahə partiya sədri vəzifəsinə namizədliyinin geri çağrılmasını tələb etdikdən sonra iclasın sədri Ali-dən ayağa qalxıb özünü göstərməsini xahiş edib.

“The Washington Post” yazır ki, Hyuston ABŞ-ın ən çox müsəlman yaşayan ərazilərindən biridir. Şəhər əhalisinin 1 faizini müsəlmanlar təşkil edirlər və onların Hyustonda 80-dək məsçidi, 10 müsəlman mədrəsəsi var.

Bu debatın çox da uzun sürmədiyi deyilir. Sonradan bir çox partiya üzvləri Alinin müdafiəsinə qalxıblar, lakin elə bu dəmdə sahə sədrlərindən biri - Mike Robertson hamını daha da sarsıdan bir sual verib: İslam ümumiyyətlə dindirmi?

“Mənə bir kəs informasiya verə bilərmi, -deyib Robertson, - İslamın bir din olduğuna dair faktlı məlumat varmı?”

Trump faktoru

Məqalədə deyilir ki, Ali bu debata ümumiyyətlə qatılmayıb. Sahə sədrlərindən Dave Smith onun müdafiəsinə qalxaraq deyib ki, hətta 230 il bundan əvvəl bu ölkəni qurmuş bani atalar da Konstitusiyada heç kimi onun dini inancları barədə sorğu-suala çəkməmək qaydası qoyublar.

Keşiş Gordon: Əgər sizə desələr ki, filankəs müsəlmandır və Respublikaçılar Partiyasının təməl prinsiplərini qəbul edir, inanmayın

Bundan sonra Ali-nin namizədliyi səsə qoyub və o səs çoxluğu ilə seçilib.

O iclasdan sonra “The Washington Post” qəzetinin suallarına cavab verərkən deyib ki, Gordon-un sözlərindən inciməyib, amma təəccüblənib.

“Bu, bir respublikaçı, amerikalı, bir müsəlman kimi heç mənim vecimə də deyil. Amma hər bir kəsin öz nöqteyi-nəzərini bildirmək haqqı var” – deyib respbulikaçı müsəlman.

Məqalədə deyilir ki, Hyuston sakini Ali Respublikaçılar Partiyasının dəyərləri ilə müsəlman dəyərlərinin bir-birinə çox uyğun gəldiyini söyləyib.

Xanım Cravens isə bildirib ki, son vaxtlar, xüsusilə də Facebook-da antimüsəlman sentimenti çoxalıb və ola bilsin ki, bu Trump faktoru ilə bağlıdır. Ola da bilsin ki, Trump faktoru dərində gizlənmiş bu sentimentləri oyadıb. Cravens-in özü qatı anti-Trump olduğunu deyib.

O bildirib ki, baş vermiş insidentə çox normal baxır. Onun nəzərində Facebook-da müxtəlif fikirlər yazıb çəkişməkdənsə, keşişlə müsəlman namizədin bir otaqda üz-üzə dayanması daha yaxşıdır.

XS
SM
MD
LG