Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:57

«Xəyallar puça çıxıb» - Mədət Quliyev


Mədət Quliyev
Mədət Quliyev

-
«Qarabağ münaqişəsində status-kvonun dəyişilməzliyi ilə bağlı xəyallar puça çıxıb. Vasitəçilik missiyasını indiyədək ədalətlə deyil, ətalətlə yerinə yetirən tərəflər xalqımızın səbrinin tükəndiyini, Azərbaycanın öz hərbi gücünü və qətiyyətini real şəkildə ortaya qoyduğunu görərək təcili hərəkətə gəliblər».

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı yazdığı məqalədə belə deyilir.

DTX rəisi yazır ki, aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çox böyükdür: «Silahlı Qüvvələrimizin azsaylı heyəti Ermənistanın illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müddətdə orada möhkəmlənməyi bacarıb. Beləliklə də, «erməni əsgərinin məğlubedilməzliyi» barədə «mif» yaratmaq cəhdləri növbəti dəfə puça çıxıb», - deyə DTX rəhbəri məqaləsində qeyd edir.

M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan islahatlara da toxunur.

AXC-MÜSAVAT DİLETANTLIQDAN UZAĞA GEDƏ BİLMƏDİ...

DTX rəhbəri məqaləsində AXCP-Müsavat hakimiyyəti dövrünə də yer verir.

«1991-ci ildə Azərbaycanda müstəqilliyin bərpası elan edildikdən sonra dərhal milli ordu quruculuğuna başlamaq əvəzinə respublika rəhbərliyi, sadəcə, bir qvardiya təşkil etmək istəyirdi. Bu da yaranmış vəziyyəti düzgün qiymətləndirməməyin, dövlət quruculuğu məsələlərinə naşı münasibətin nəticəsi idi... Hakimiyyəti silahlı çevriliş yolu ilə ələ alan AXC-Müsavat cütlüyü də dövlət qurumlarının formalaşdırılması məsələlərində diletantlıqdan uzağa gedə bilmədi və çox tezliklə ölkəni ağır bəlalara düçar etdi», - M.Quliyev yazır.

DTX rəhbərinin yazdığına görə, bunun nəticəsində Qarabağda lokal silahlı toqquşmalar əsl müharibəyə çevrilib, torpaqların işğalı sürətlənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG