Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:11

Keçmiş Türkiyə gözəli “Erdoğanı təhqirə” görə məhkum edilib


2006-cı ildə Türkiyənin gözəllik kraliçası seçilmiş Merve Büyüksarac
2006-cı ildə Türkiyənin gözəllik kraliçası seçilmiş Merve Büyüksarac

27 yaşlı Merve Büyüksarac sosial mediada paylaşdığı postlarla “dövlət xadimini” təhqir etməkdə ittiham olunurdu.

Türkiyə məhkəməsi keçmiş Miss Türkiyəni prezident Recep Tayyip Erdoğanı təhqir etdiyinə görə 14 ay müddətinə şərti həbsxana cəzasına məhkum edib.

27 yaşlı Merve Büyüksarac sosial mediada paylaşdığı postlarla “dövlət xadimini” təhqir etməkdə ittiham olunurdu. O Erdoğanı təhqir etdiyini inkar edib.

Vəkilləri bildiriblər ki, xanım Büyüksarac hökmdən rəsmi qaydada şikayət edəcək və iş daha yüksək məhkəmə instansiyasına veriləcək.

Hazırda insan haqları təşkilatları Türkiyəni, əsas etibarilə prezident Recep Tayyip Erdoğanı ifadə azadlığı üzərinə hücumlarda günahlandırırlar.

Xəbər verilir ki, Erdoğan 2014-cü ildə prezident olandan bəri onun şərəf və ləyaqətinin təhqirinə görə məşhurlar və hətta məktəblilər də daxil 2000 nəfərə qarşı ittihamlar irəli sürülüb.

Növbəti beş ildə Erdoğanı təhqir etməmək

2006-cı ildə Miss Türkiyə adını qazanmış Merve Büyüksarac İnstagram səhifəsində satirik şeir paylaşdığına görə 2014-cü ildə qısa müddətdə həbs edilmişdi.

Türkiyə milli himninə nəzirə kimi yazılmış bu şeir sosial mediada minlərlə dəfə paylaşılmışdı. Lakin prokurorlar bu şeirin o zamanlar baş nazir olan Erdoğanı hədəflədəyi barədə ittiham irəli sürmüşdülər.

Xəbər verilir ki, şərti cəza barədə hökmdə Türkiyə gözəlinə növbəti beş ildə təkrar bu kimi əmələ yol verməmək tapşırılır.

Hazırda model kimi fəaliyyət göstərən Büyüksaracın vəkili Emre Telci Associated Press agentliyinə bildirib ki, bu sayaq “təhqir ittihamları” şablon şəkildə avtomatik tətbiq olunur.

O deyib ki, Merve müəllifi olmadığı materialı paylaşıb və buna görə məsuliyyət daşıya bilməz.

Öz növbəsində Erdoğanın vəkili Hatice Ozay isə deyib ki, bu post sadəcə “təhqir limitlərini” aşıb və onun müştərisinin şəxsi hüquqlarını pozub.

İnsan haqları təşkilatları bildirirlər ki, Erdoğan, şəxsiyyətinin təhqirinə görə ittihamlardan öz tənqidçilərini – jurnalistləri, alimləri və adi vətəndaşları susdurmaq üçün istifadə edir.

XS
SM
MD
LG