Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:32

NATO Çinə Rusiyaya müharibədə köməyinə görə xəbərdarlıq edir


Rusiyada satılan matryoşkalar
Rusiyada satılan matryoşkalar

Çin əgər Qərblə yaxşı iqtisadi münasibətlər istəyirsə, Rusiyaya Ukrayna ilə müharibədə dəstəyini dayandırmalıdır.

Reuters yazır ki, Pekinə bu son dərəcə sərt xəbərdarlığı aprelin 25-də NATO-nun baş katibi Yens Stoltenberq edib.

Stoltenberq Berlinə səfərinin əsnasında deyib ki, Pekinin bu müharibədə Moskvaya dəstəyi Rusiya üçün həyati əhəmiyyətə malikdir.

NATO başçısının sözlərinə görə Pekin Moskvanı yarımkeçiricilər kimi yüksək texnologiyalarla təchiz etməklə Rusiya hərbi sənayesinin inkişafına güclü təkan verir:

"Ötən il Rusiya raket, tank və təyyarələrin istehsalında lazım olan mikroelektronikanın 90 faizini Çindən idxal edib. Çin Rusiyanı habelə peyk və təsvirləmə informasiyaları ilə təchiz edir. Çin daim deyir ki, Qərblə yaxşı münasibətlər istəyir və eyni zamanda II Dünya Müharibəsindən bəri Avropadakı ən böyük silahlı münaqişəni körükləyir. Bunun ikisini eyni zamanda edə bilməzsən”.

“Vaxtilə Rusiya ilə edilmiş səhv Çinlə edilməməlidir”

Stoltenberq Qərbə xəbərdarlıq edib ki, vaxtilə Rusiyaya güvəndiyi kimi, indi də Çinə güvənib səhvini təkrarlamasın:

"Keçmişdə biz Rusiyanın neft və qaz asılılığına düşməklə səhv etmişik. Biz bu səhvi Çinlə münasibətlərdə təkrar etməməliyik. Onun pulundan, xammallarından, texnologiyalarından asılılıq bizi zəiflədə bilər”.

Çin son illərdə Rusiya ilə ticari və hərbi bağlarını gücləndirib. Buna səbəb ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı müharibəyə görə Rusiyanın üzərinə qoyduğu sanksiyalar olub.

Çin və Rusiya arasında ticarət 2023-cü ildə rekord 240.1 milyard dollara çatıb. Bu, bir il əvvəllə müqayisədə 26.3 faiz artım deməkdir.

Çinin gömrük sənədlərindən aydın olur ki, Çindən Rusiyaya daşımalar 2023-cü ildə 46.9, Rusiyadan idxal isə 13 faiz artıb.

Aprelin 25-də Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi Culiann Smit də Pekini Moskvaya hərbi yardımlarına görə sərt tənqid edib.

"Çin artıq neytral tərəf sayıla bilməz"

Xanım Smitin sözlərinə görə Pekin Rusiyaya Ukraynadakı hərbi məqsədlərinə çatmaqda kömək edir və bu səbəbdən artıq bu münaqişədə “neytral” olduğunu iddia edə bilməz.

O bu bəyanatı ABŞ dövlət katibi Antoni Blinkenin Çinə üçgünlük səfəri əsnasında verib. Səfir Politico saytına müsahibəsində deyib:

"Onlar faktiki olaraq tərəf seçiblər. Düşünürəm ki, ÇXR özünü neytral tərəf kimi təqdim edəndə biz buna inanmamalıyıq”.

Xanım Smit vurğulayıb ki, ABŞ Çinin Rusiyaya maddi dəstək verməsinə dair getdikcə daha çox sübutlar əldə edir.

Söhbət “dron texnologiyaları”, mikroelektronika və dəzgahlardan gedir.

ABŞ diplomatı əlavə edib ki, Çinin Rusiyaya ölümcül silahlarla dəstək verməsinə dair sübutlar hələ ki, yoxdur.

Çinə ağır sanksiyalar qoyula bilər

Pekin Rusiyanın Ukraynaya qarşı müharibəsində öz neytrallığını elan edib. 2023-cü ilin fevralında Çinin Xarici İşlər Nazirliyi münaqişənin tənzimlənməsinə dair öz planını təklif edib.

Bu sənəddə beynəlxalq hüquqa riayətin mühümlüyü kimi bir sıra deklarativ müddəalar var, amma təklif nə Kiyev, nə Moskva, nə də Qərb tərəfindən qəbul edilməyib.

Xəbər verilir ki, Çinin Rusiyaya dəstək verməsi məsələsi hazırda Pekində olan dövlət katibi Antoni Blinkenin danışıqlarında əsas mövzudur. Bu, onun Çinə bu il artıq ikinci səfəridir.

Onun səfərdən əvvəl keçirdiyi brifinqdə Çinin Rusiyanın hərbi sənaye kompleksinə dəstəyindən söhbət getmişdi.

ABŞ mediası Ağ Evdəki mənbələrə istinadla Vaşinqtonun Çinin sənaye və banklarına ağır sanksiyalar hazırladığını yazırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG