Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 07:20

Paşinyan 'demarkasiyanı sakinlərə izah etmək üçün' yenə sərhəd kəndinə baş çəkib


Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 29-da son günlərdə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması qərarına etirazların episentri olan sərhədyanı Tavuş rayonunda bir qrup sakinlə görüşüb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazirin ofisi bu görüşlə bağlı rəsmi açıqlama yayıb:

“Baş nazir hazırkı vəziyyəti detallı şəkildə izah edib və bildirib ki, hökumət bütün problemlərlə tanışdır”.

Paşinyanla bu görüşdə sərhədyanı Kirants kəndinin başçısı və bir neçə sakini iştirak ediblər.

Azatutyun Kirants kənd sakinlərinin görüşdə o qədər də məmnun görünmədiklərini, amma mediaya danışmaq istmədiklərini yazır. Sakinlərdən bəziləri Paşinyandan “təzə heç nə” eşitmədiklərini deyiblər.

Müxalifət və kilsə

Bu sakinlərlə ayrıca söhbət etmiş müxalifət deputatı Geğam Nazaryan da vəziyyətin olduğu kimi qaldığını bildirir:

“Adamlar yenə də qeyri-müəyyənlik və panika içində qalıblar. Adamlar daha pis şeylərin baş verəcəyindən qorxurlar, çünki onların heç bir ağlabatan təklifi qəbul edilməyib”.

Azatutyun yazır ki, Kirants Azərbaycana qaytarılmalı olan ərazilərə bitişik Ermənistan kəndlərindən biridir.

Kirantslılar və Tavuş rayonunun başqa kəndlərinin sakinləri buradan keçən Yerevan-Tbilisi yolunu bağlamaqla Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına etiraz edirlər. Ötən günlər ərzində bəzi etirazçılarla polis arasında toqquşmalar baş verib.

Bu da xəbər verilir ki, Erməni Kilsəsinin və müxalifətin nümayəndələri də bu etirazlara qoşulurlar.

Paşinyan və müttəfiqləri

Buna baxmayaraq Paşinyan hökuməti fikrindən dönmür və etirazçılarla münasibətdə prinsipial mövqe tutmağa çalışır. Ötən həftə burada baş vermiş zorakı etirazın ardınca 6 nəfərə cinayət işi açılıb.

Bu da xəbər verilir ki, Yerkrapa könüllü cəmiyyəti və onun başçısı, Paşinyanın müttəfiqi olan Sasun Mikaelyan da bu ərazidə asayişin təmin olunmasında iştirak edir.

Azatutyun yazır ki, hakim partiyadan olan başqa deputatlar da demarkasiya prosesi ilə bağlı izahat verir və gərginliyi azaltmağa çalışırlar.

“Vətəndaş müqaviləsi” partiyasından deputat Arsen Torosyan Azatutyuna müsahibəsində deyib ki, hazırda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılığı əsasında demarkasiya prosesi aparılır.

“Qonşularımızı mən seçməmişəm...”

O əlavə edib ki, bütünlükdə iki ölkə arasında dövlət sərhədinin 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyasına dair razılaşma əldə olunub:

“Biz yeni sərhəd xətti çəkmirik. Yeni sərhəd xəttinin çəkilməsi bir sıra hüquqi prosedurlar tələb edir. Bu, sadəcə olaraq iki dövlət arasında mövcud olmuş sərhəd xəttinin təsdiqlənməsidir”.

Azatutyunun “əgər Kirants körpüsü üzərində azərbaycanlı dayanacaqsa, bu məsələ necə həll olunacaq” sualına Arsen Torosyan belə cavab verib:

"Qonşularımızı mən seçməmişəm. Heç Kirants və ya Bağanis sakinləri də seçməyiblər ki, qonşuları azərbaycanlılar olsun. Bu mənada, bəli demarkasiyadan sonra o xəttin üstündə bir azərbaycanlı dayanacaq. Demarkasiya özlüyündə təhlükəsizlik qarantiyalarından biridir. Əgər dövlət sərhədi varsa, deməli təhlükəsizliyin təmas xəttindən daha yüksək səviyyəsi var. Təmas xətti olanda tərəflər bir-birlərini güdüb atəş açmağa məqam axtarırlar. Aydındır ki, dövlət sərhədi lap o tərəfdə azərbaycanlı sərhədçi dayansa da təhlükəsizliyin qarantiyasını gücləndirir”.

Torosyan vurğulayıb ki, tərəflər Almatı Bəyannaməsini imzalayıblar və dövlət sərhədi sovet Ermənistanı ilə sovet Azərbaycanı arasında mövcud olmuş inzibati sərhədi əvəz edəcək.

Mina partlaması

Bu arada Azərbaycan Baş Prokurorluğu Qazax rayonun Quşçu Ayrım kəndi ərazisində bir Azərbaycan sərhədçisinin mina partlayışından xəsarət aldığını bildirib.

Azatutyun yazır ki, Quşçu Ayrım kəndi Azərbaycana qaytarılmalı olan Bağanis Ayrım kəndinin yaxınlığında yerləşir.

Məlumatda qeyd olunur ki, insident Ermənistanla keçmiş təmas xəttinin üstündə baş verib.

Azərbaycan Hərbi Prokurorluğunun Şəmkir ərazi bölümü Vüsal İsmayılovun minaya düşməsi ilə bağlı insidenti araşdırır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG