Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 04:59

'Türk Hava Yolları' rusiyalıları Latın Amerikasına uçan reyslərə niyə buraxmır?


Rusiyanın Türkiyədəki səfirliyi Türk Hava Yolları şirkətinin Latın Amerikasına uçan təyyarələrinə buraxılmayan rusiyalılara tövsiyələrlə müraciət edib.

Rusiya diplomatları bunu “sistematik xarakter” almış ciddi problem adlandırıblar.

Buna baxmayaraq onlar məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə göndərdikləri notaya hələ də aydın cavab ala bilməyiblər.

Shot teleqram kanalının verdiyi məlumata görə son aylarda minlərlə Rusiya vətəndaşı Türkiyədən Latın Amerikasına uça bilməyib.

Rusiya vətəndaşlarının Türk Hava Yolları şirkətinin təyyarələri ilə Meksika və başqa Latın Amerikası ölkələrinə səfər etməsi ilə bağlı problem 2024-cü il fevralın sonlarından başlanıb.

Turist miqrant çıxa bilər

Aviaşirkət baş verənləri Latın Amerikası ölkələrinin Rusiya vətəndaşlarının qəbul edilməsinə qoyduğu ciddi qaydalarla izah edir.

Ekspertlərin fikrincə aviaşirkət narahatdır ki, Rusiya turistləri əslində ABŞ-a çatmaq üçün Meksikadan aralıq mənzil kimi istifadə edən miqrantlar ola bilər.

Məsələ burasındadır ki, Latın Amerikası ölkələri miqrasiya xidmətlərinin rusiyalılara giriş vermədiyi təqdirdə, dönüş bileti də daxil bütün xərcləri aviaşirkətlər çəkməli olur.

Rusiya səfirliyinin bildirdiyinə görə Türk Hava Yolları şirkəti rusiyalılara məsələ ilə bağlı yazılı heç bir cavab vermir, bəzən isə onlarla açıq kobud davranılır.

Rusiya diplomatlarının tövsiyəsi

Səfirlik rusiyalılara Türk Hava Yollarının Latın Amerikası ölkələrinə uçan təyyarələrinə minik verilmədikdə dərhal İstanbuldakı Rusiya Baş Konsulluğu ilə əlaqəyə girməyi, habelə imtinanın səbəbi barədə sənəd almaq üçün aviaşirkətə sorğu göndərməyi tövsiyə edir.

Səfirlik bunu da tövsiyə edir ki, rusiyalılar aviaşirkətin imtinasını sübut kimi videoya çəksinlər.

Bu da tövsiyə edilir ki, rusiyalılar onlara dəyən maddi və mənəvi ziyana görə təzminat ödənilməsi üçün yaşadıqları yerdə rəsmi iddia qaldırsınlar.

Rusiya diplomatları bildirirlər ki, Türk Hava Yollarından Türkiyə məhkəmələrinə şikayət etmək mənasızdır.

Rusiya turoperatorları aprelin əvvəllərindən Rusiya vətəndaşlarına Türk Hava Yolları şirkətindən istifadə etməməyi tövsiyə ediblər.

Argentinaya uşaq doğmağa

Hələ 2022-ci ildə rusiyalı hamilə qadınların Argentinaya kütləvi axını barədə məlumat verilmişdi.

Bildirilirdi ki, hamilə rusiyalıların ölkəyə daxil olmaları “saxta turizm” kriteriyası ilə qadağan edilib.

Hakimiyyət orqanları hesab edirlər ki, bu qadınlar ölkəyə gəlişlərinin məqsədi barədə yalan məlumat verirlər.

Argentina qanunlarına görə bu ölkənin ərazisində doğulan uşaqlara avtomatik olaraq vətəndaşlıq verilir.

Bundan sonra isə uşağın valideynlərinə də daimi oturum və nəhayət hətta vətəndaşlıq vermək məcburiyyəti yaranır.

Rusiyanın Argentinadakı səfirliyi bildirirdi ki, 2022-ci ildə bu ölkəyə 2500-dək rusiyalı qadın gəlib. Onların əksəriyyətinin Argentinaya uşaq doğmaq məqsədilə gəldiyi bildirilirdi.

Bu da qeyd olunur ki, Argentinadan ABŞ-a miqrasiya etmək xeyli asandır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG