Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 12:34

Ermənistanda polis sərhədin delimitasiyasına mane olanları saxlayıb


Kirants kəndinə gedən yollar bağlanıb
Kirants kəndinə gedən yollar bağlanıb

Mayın 2-də Ermənistanda polis ölkənin şimal sərhədindəki Tavuş mərzində bitişik ərazilərin Azərbaycana verilməsinə maneçilik yaradan kəndin onlarca sakinini saxlayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Kirants kəndi Azərbaycanın Qazax rayonuna aid dörd kəndin qaytarılmasına etirazların episentri idi.

Baş nazir kəndlərin Azərbaycana qaytarılacağını bəyan etdiyi gündən, aprelin 19-dan Ermənistanın bir neçə kəndinin sakinləri burada delimitasiyanın aparılmasına mane olmaq üçün düşərgə qurmuşdular.

Müxalifətin və Erməni Kilsəsinin nümayəndələri də etirazçılara qoşulmuşdular.

Azatutyun yazır ki, təhlükəsizlik qüvvələri sözü gedən düşərgəni mayın 2-də səhər ləğv ediblər. Onlar habelə Kirants kəndinə gedən bütün yolları bağlayıblar. Qeyd olunur ki, kəndə daxil olmaq və buradan çıxmaq icazəsi yalnız sakinlərə verilir.

Ermənistan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, polis müvafiq hakimiyyət strukturlarının bu ərazidə minaların təmizlənməsini və delimitasiya məqsədilə “geodezik ölçülər” götürülməsini həyata keçirə bilməsi üçün “gücləndirilmiş tədbirlər” görür.

Sərbəst buraxılıblar

Kirants kənd icmasının başçısı Kamo Şahinyan etiraz edən sakinlərdən bəzilərinin saxlandıqlarını təsdiq edib.

Saxlananların arasında nəvəsi olan bir qadın Azatutyuna deyib:

“Onlar səhər sübhdən gəldilər və kəndimizi qorumaq üçün gecə keşik çəkən cavanları tutub apardılar”.

Etirazlarda fəal iştirak edən müxalifətçi deputat Qarnik Danielyan deyib ki, polis azı 20 nəfəri saxlayıb. O iddia edib ki, həbs zamanı bir çox etirazçı xəsarət alıb. Amma etirazçılardan biri xəsarətlərin “elə də ciddi” olmadığını deyib.

Azatutyun yazır ki, polisin saxladığı 20-30 etirazçı günorta saatlarında sərbəst buraxılıblar.

Müxalifət nümayəndələri kənd sakinlərini polisə itaətsizliyi davam etdirməyə çağırırlar.

Baş nazir Nikol Paşinyan mayın 2-də keçirdiyi hökumət müşavirəsində polisin gücdən istifadə etməsinə haqq qazandırıb və heç bir qanunsuzluğa yol verilmədiyini deyib.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.

Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.

Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 35 dirək artıq vurulub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG