Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 19:14

Putin 9 Mayda da Qərbi ittiham və təhdid edib


Moskvadakı Qırmızı meydanda ölkədə Qələbə günü kimi qeyd olunan 9 may günündə yenə də hərbi parad keçirilib.

Bu Rusiyanın Ukraynaya əsassız və səbəbsiz tammiqyaslı hücumundan bəri Moskvada keçirilən üçüncü hərbi paraddır. Hərbi keçiddə 9 min nəfərin iştirak etdiyi bildirilir.

Qırmızı meydanda keçirilən paradda Ukrayna müharibəsi veteranlarının, o cümlədən “Rusiya qəhrəmanı” medalı ilə təltif olunanların ayrıca keçidi olub.

Bu da xəbər verilir ki, hazırda Moskvada ilin bu vaxtı üçün çox soyuq hava hökm sürür. Translyasiya kadrlarında qar yağdığı görünür.

Paradı müdafiə naziri Sergey Şoyqu qəbul edib. O da bütün başqa nazirlər ki, hazırda vəzifəsinə təyinat gözləyir. Prezident seçkisindən sonra qanuna uyğun olaraq bütün nazirlər istefa veriblər.

İştirak edən prezidentlər

Paradın tribunasında Vladimir Putinlə yanaşı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus və Türkmənistan prezidentləri, habelə tədbirə xüsusi dəvəti olan Laos, Qvineya-Bissau və Kubanın liderləri olublar.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Kremldə Putinlə görüşdən dərhal sonra Yerevana qayıdıb və bu tədbirdə iştirak etməyib.

Rusiyanın “Agentstvo” saytı vurğulayır ki, bu dəfə tribunada Putinin yanında “əsl vətən müharibəsi veteranlarını” oturdublar və bu barədə ayrıca məlumat yayıblar.

Keçənilki paradda Putinuin yanında NKVD və DTK-nın veteranları oturmuşdular. Onlardan biri II Dünya Müharibəsindən sonra Ukraynadakı gizli milli-azadlıq hərəkatına qarşı mübarizə aparmış, digəri isə 1968-ci ildə Çexoslovakiyaya sovet qoşunlarının yeridilməsində iştirak etmişdi.

Az qala ikinci cümlədən

Putin öz çıxışında 9 may gününü “Rusiyanın ən böyük bayramı” adlandırıb.

Xəbər verilir ki, o çıxışının az qala ikinci cümləsindən Qərb ölkələrinin tənqidinə başlayıb.

Putin bu ölkələri nasizmə bəraət qazandırmaqda və tarixi saxtalaşdırmaqda ittiham edib:

"Rusiya qlobal toqquşmanın baş verməməsi üçün əlindən gələni edəcək, amma bizim strateji qüvvələrimiz daim döyüş hazırlığı vəziyyətindədir”.

II Dünya Müharibəsindən bəhs edərkən Putin iddia edib ki, bütün Avropa Hitler Almaniyasına işləyirdi, amma Sovet İttifaqı ona qarşı demək olar tək dayanmışdı.

O bura Çini də əlavə edərək vurğulayıb ki, Çin “militarist Yaponiyaya” müqavimət göstərirdi.

Qarşılıqlı “nasist” ittihamı

Putin Moskvanın xüsusi hərbi əməliyyat kimi qələmə verdiyi Ukrayna müharibəsinin iştirakçılarını “qəhrəman” adlandırıb. O çıxışında “Ukrayna” sözünü bir dəfə də işlətməyib.

Dünya ölkələrinin əksəriyyəti nasizm üzərində qələbəni mayın 8-də qeyd edirlər. SSRİ-də isə bayram mayın 9-da keçirilir. Bu bayram 1965-ci ildən istirahət günü elan edilib.

Sovet vaxtlarında 9 may paradları nadir hallarda keçirilərdi. Putinin dövründə isə bu bayramın qeyd olunmasının mənası tamamilə dəyişdirilib və o bir növ Qərblə qarşıdurmaya haqq qazandırılması üçün daha bir imkan olub.

Rusiyanın hücumundan sonra Ukraynada da bayramı mayın 8-də qeyd edirlər.

Bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, Hitler nasizmi hazırda “Rusiya faşizminə” çevrilib. Rusiya hakimiyyəti isə öz növbəsində Ukraynanı “nasist dövləti” adlandırır.

Qitələrarası nüvə raketləri

Keçən il olduğu kimi bu il də paradda Ukraynaya müdaxilədən əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə daha az texnika, xüsusilə də daha az zirehli texnika nümayiş etdirilib.

Bununla belə paraddan taktiki İskander raketləri, habelə nüvə başlığı daşıya bilən Yars qitələrarası raketləri və S-400 kompleksləri keçib.

Builki paradın keçirilmə müddəti də azaldılıb. Hərbçilərin və hərbi texnikanın keçidi yarım saatdan da az çəkib.

Amma bu il ötənilkindən fərqli olaraq paradın aviasiya hissəsi də olub.

9 may paradı Rusiyanın başqa şəhərlərində də keçirilib. Müşahidəçilər fikir veriblər ki, Xabarovskda keçirilən paradda tank karvanına əlahiddə 64-cü motoatıcı briqadanın keçmiş komandiri, podpolkovnik Azatbek Omurbekov başçılıq edib.

Bu briqada Ukraynanın Buça şəhərində dinc sakinlərin qətliam edilməsində şübhəli hesab edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG