Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:40

Ukraynada bəzi kateqoriyadan olan məhkumları könüllü səfərbər edəcəklər


Ukrayna parlamenti – Verxovna Rada “bəzi kateqoriyadan olan məhkumların könüllü səfərbərliyi” haqqında qanun layihəsini bütünlükdə qəbul edib.

Bu barədə məlumatı xalq deputatları Yelena ŞulyakYaroslav Jeleznyak veriblər.

Qanun layihəsinin leyhinə 279 millət vəkili səs verib.

Layihəyə əsasən yüngül və orta ağırlıqlı qanun pozuntusu törətmiş bəzi məhkum kateqoriyasından olanlar məhkəmə qərarı ilə müddətdən əvvəl azad olunaraq Ukrayna Silahlı Qüvvələrinə səfərbər oluna bilərlər.

Sənəddə bu da qeyd olunur ki, belə bir səfərbərliyə alınmaq hüququna cəza müddətlərinin bitməsinə üç aydan az vaxt qalan məhkumlar sahib ola bilərlər.

Xüsusi bölmələrdə xidmət

Şulyak bildirib ki, daha uzunmüddətli və hətta ömürlük həbsxana cəzasına məhkum edilmişlərin səfərbərlik hüququndan istifadəsinə icazə verilməyəcək.

Yelena Şulyakın sözlərinə görə orduya səfərbər edilmiş məhkumlar isə hərbi hissə komandirlərinin nəzarəti altında xüsusi bölmələrdə xidmət edəcəklər.

Qanun layihəsində deyilir ki, belə hərbçilərin müqavilə müddəti xüsusi hərbi xidmət dövrü başa çatdıqdan və ya tərxis elan ediləndən sonra bitir. Məhkum hərbçilər üçün məzuniyyət nəzərdə tutulmur.

Əgər səfərbər edilmiş məhkum xidmət dövründə yeni cinayət törədərsə, onun yeni cəzasına köhnə məhkumluğundan qalmış müddət də əlavə olunacaq.

Hansı cinayətləri törədənlərə aid deyil

Qanun layihəsində deyilir ki, könüllü səfərbərliyə aşağıdakı cinayətlərə görə məhkum edilmiş şəxslər cəlb oluna bilməz:

Ukraynanın təhlükəsizliyinin əsaslarına qarşı cinayətlər;

qəsdən iki və daha çox adamın qətlinə və cinsi zorakılığa görə məhkum edilmiş şəxslər;

pedofiliyaya, hüquq-mühafizə əməkdaşlarının həyatına qəsdə görə məhkum edilmiş şəxslər;

ağır korrupsiya cinayəti törətmiş və habelə cinayət maddəsindən asılı olmayaraq onu xüsusilə məsul vəzifə tutarkən törətmiş şəxslər (nazirlər, nazir köməkçiləri və sair).

Ukrayna Korrupsiya ilə Mübarizə Mərkəzində (KMM) parlamentin qəbul etdiyi qanun layihəsini şərh edərkən deyiblər ki, bəzi korrupsiya əməllərinə görə məhkum edilənlər hər halda orduya səfərbər oluna bilərlər.

Mərkəzdən deyiblər ki, söhbət Ukrayna prezidenti administrasiyasının rəsmilərindən, dövlət idarələrinin rəislərindən, müstəntiq, prokuror və hakimlərdən gedir.

KMM-in məlumatına görə hazırda həbsxanalarda korrupsiya maddələri ilə cəza çəkən çox sayda hüquq-mühafizə işçiləri var.

Hərbi vəziyyət və səfərbərlik müddəti üç ay uzadılır

Bundan əvvəl mayın 8-də Verxovna Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət müddətinin 90 gün, avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Məhkumların bəzi kateqoriyalarının səfərbərliyi barədə qanun layihəsi parlamentə 2024-cü ilin martında təqdim olunub.

Qanun layihəsinin təşəbbüsçüsü kimi Ədliyyə Nazirliyi çıxış edir. Burası da var ki, ədliyyə naziri Denis Molyuska məhkumların bəzi kateqoriyalarının orduya məcburi cəlb olunmasını istəyirdi.

Prezident Volodimir Zelenskinin 16 apreldə imzaladığı səfərbərlik haqqında yeni qanun qüvvəyə mayın 18-də minəcək.

Bu qanun layihəsində hərbi mükəlləfiyyəti olanlar barədə məlumatların təzələnməsi, çağırışçı kabinetlərinin yaradılması və üç aylıq baza hazırlıq təliminin keçirilməsi nəzərdə tutulur.

Qanunda 18-25 yaşları arasında olanlar üçün ali təhsil müəssisələrində üç aylıq təlimin təşkili, bütün əlillərin ordudan tərxisi nəzərdə tutulub.

Məhkumluq müddətini artıq çəkib qurtarmış şəxslərə də səfərbər olunmaq hüququ verilir.

Müdafiə naziri və baş komandanın xahişi ilə

Qanunda habelə deyilir ki, 18 yaşından 60 yaşınadək xaricdə yaşayan ukraynalı kişilər yeni pasportların tərtibi üçün konsulluqlara yalnız hərbi qeydiyyat sənədləri varsa, müraciət edə bilərlər.

Çağırışa gəlməyən hərbi mükəlləfiyyətli şəxslərin sürücülük vəsiqələrinin ləğv olunacağı bildirilir.

Qanun layihəsinə baxılarkən sənəddən üçillik hərbi xidmətdən sonra avtomatik tərxis barəsində müddəa çıxarılıb.

Bunu müdafiə naziri Rustem Umerovun və Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırskinin xahişi ilə ediblər.

Səfərbərlik haqqında qanun layihəsinin ilk variantı Verxovna Radaya 2023-cü ilin dekabrında təqdim olunmuşdu.

Bu variantdakı bəzi müddəalar parlamentdə və cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu.

Sənəd yenidən işlənilməsi üçün Nazirlər Kabinetinə göndərilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG