Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 15:50

Makron: 'Rusiya bu müharibədə məğlub olmalıdır'


Emmanuel Makron
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron The Economist jurnalına müsahibəsində NATO ölkələri hərbçilərinin Ukraynaya göndərilə biləcəyini istisna etmədiyini deyib.

O bu müsahibədə habelə Avropa İttifaqının gələcəyini təhlükə altında qoya biləcək “misilsiz təhlükələr” barədə xəbərdarlıq edib.

Makron vurğulayıb ki, Aİ ölkələri nüvə silahına malik olan və Ukraynada müharibəyə başlayan bir ölkə ilə eyni qitədə yaşamalarına baxmayaraq müdafiəyə hələ də ABŞ və ya Çindən əhəmiyyətli dərəcədə az vəsait xərcləyirlər.

Fransa prezidentinin sözlərinə görə elə bir situasiya yarana bilər ki, ABŞ indi olduğu qədər Aİ ölkələrini himayə etmək iqtidarında olmaz və o zaman onlar yalnız öz qüvvələri hesabına müdafiə olunmalı olarlar.

Makronun təbirincə deyilərsə, Avropaya, o cümlədən iqtisadiyyatda, materiallar və enerji ilə təchizatda “strateji muxtariyyət” lazımdır.

Prezident bildirib ki, bunun üçün struktur islahatlarına ciddi ehtiyac var.

Rusiya Avropa üçün təhlükədir

Makron habelə Avropanı gözləyə biləcək daha bir təhlükədən danışıb. Onun sözlərinə görə bu, hazırda güc toplamaqda olan antiliberal qüvvələrin yarada biləcəyi siyasi qeyri-sabitlikdir.

Makron deyib ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə beynəlxalq qanun və qaydaların üstündən xətt çəkib və Avropanın təhlükəsizliyi üçün hədəyə çevrilib.

Fransa prezidenti xatırladıb ki, Rusiya müdaxilənin əvvəllərində onu “xüsusi hərbi əməliyyat” kimi qələmə verməyə çalışsa da, münaqişə əsl tammiqyaslı müharibəyə çevrilib.

Makron bundan əvvəl olduğu kimi yenə də Ukraynaya Qərb hərbçilərinin göndəriləcəyini istisna etmədiyini deyib:

“Mən heç nəyi istisna etmirəm, çünki biz hazırda heç nəyi istisna etməyənlə qarşı-qarşıyayıq”.

Onun sözlərinə görə müttəfiqlər tərəfindən Ukraynaya göstərilən hərbi yardımlara hədd qoyulması, Moskvanın əl-qolunu açır:

"Bir çox ölkələr son həftələrdə bizim yanaşmamızla razılaşdıqlarını və onun düzgün olduğunu deyirlər”.

Ukraynaya NATO qoşunları göndərilməsi ideyasını açıq şəkildə yalnız bir neçə ölkə dəstəkləyib. Qalanları bunu hələ də istisna edirlər.

“Əgər ruslar cəbhə xəttini yarsalar...”

Makron deyib ki, Rusiya bu müharibədə Ukrayna üzərində qələbə qazanmamalıdır və Kiyevin müttəfiqləri də qarşılarına yalnız bu məqsədi qoymalıdırlar.

Fransa prezidentinin sözlərinə görə hazırda Ukraynaya qoşun göndərilməsi məsələsi gündəlikdə deyil, amma “əgər ruslar cəbhə xəttini yarsalar və Ukrayna belə bir kömək istəsə”, bu məsələyə baxıla bilər.

Makron vurğulayıb ki, qoşun göndərilməsi məsələsini birdəfəlik istisna etmək böyük səhv olardı.

O xatırladıb ki, NATO ölkələri qarşıdurmanın əvvəllərində Ukraynaya tank və təyyarələrin göndərilməsindən imtina etsələr də, sonradan bu səhvi düzəltməli oldular.

Bundan əvvəl Makronun özü və onun administrasiyası Odessa və Kiyevin işğalı təhlükəsi yaranarsa, Ukraynaya Qərb hərbçilərinin göndərilə biləcəyini demişdilər.

Fransa rəsmiləri hətta bu halda da Fransa qoşunlarının bilavasitə ön cəbhədəki döyüşlərdə iştirak etməyəcəyini bildirmişdilər.

Eros və Tanatosun qarşıdurması

Makronun sözlərinə görə Avropa üçün ən böyük təhlükə “məğlubiyyət əhval-ruhiyyəsidir”.

Fransa prezidenti belə bir əhvaldan azad olmağa, lazımi islahatları daha cəsarətlə həyata keçirməyə çağırıb:

"Siyasət Eros və Tanatosun (qədim yunan mifologiyasında sevgini və ölümü təcəssüm etdirən iki obraz – red) qarşıdurmasıdır. Avropalılar yalnız Erosun tərəfində olsalar, bunun öhdəsindən gələ bilərlər. Qorxmayın, güclü olun”.

İyun ayında Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər keçirilməlidir. Rəy sorğuları göstərir ki, bir sıra ölkələrdə Ukraynanın dəstəklənməsinə skeptik yanaşan sağ populist partiyalar uğur qazana bilərlər. Sorğulara görə Fransada da Makronun tərəfdarları sağçı Milli Birlikdən geridə qalırlar.

Makron son aylarda Rusiyanı ən kəskin tənqid edən Qərb siyasətçilərindən biridir.

NATO ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi mümkünlüyündən ilk dəfə söhbət açan da məhz o olub.

Amma tənqidçilər bildirirlər ki, Ukraynaya yardımların həcminə görə Fransa, məsələn Almaniyadan geridə qalır. Halbuki Berlin Ukraynaya Qərb hərbçilərinin göndərilməsi ideyasını dəstəkləmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG